Futbol üzrə İngiltərə millisinin və “Tottenhem”in yarımmüdafiəçisi Harri Uinks “Lester Siti”yə transfer olunub.
Arena.az xəbər verir ki, bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar.
27 yaşlı futbolçu geridə qalan mövsümün sonunda Premyer Liqanı tərk edən və Çempionşipdə mübarizə aparacaq yeni klubu ilə 3 illik müqavilə imzalayıb. “Lester Siti” bu transfer üçün “Tottenhem”ə 11,6 milyon avro təzminat ödəyib.
Harri Uinks “Tottenhem”in öz yetirməsidir. O, London klubunun əsas komandasında 203 oyuna çıxıb. Dayaq yarımmüdafiəçisi bu görüşlərdə 5 qol və 6 assistlə yadda qalıb. Uinks geridə qalan mövsümdə icarə əsasında İtaliyanın “Sampdoriya” komandasının uğurları üçün çalışıb. Yarımmüdafiəçi İngiltərə milli komandasında da 10 oyuna çıxıb, 1 qol vurub.

“Lester Siti” Premyer Liqanın digər təmsilçisi “Vulverhempton”dan da Konor Koadini transfer edib. 30 yaşlı mərkəz müdafiəçisi ilə də 3 illik müqavilə imzalanıb. İngilis futbolçunun transferi lesterlilərə 8,7 milyon avroya başa gəlib.
Konor Koadi “Liverpul”un yetirməsidir. Amma o, bu klubun əsas komandasında cəmi 2 oyuna çıxıb. Təcrübəli müdafiəçi “Everton”, “Haddersfild Taun”, “Şeffild Yunayted” kimi klublarda da forma geyinib. O, 2015-ci ildən “Vulverhempton”un uğurları üçün çalışırdı. Koado bu komandanın heyətində keçirdiyi 317 oyunda 7 qol və 7 məhsuldar ötürmə müəllifi də olub. Konor da İngiltərə milli komandasında 10 oyun keçirib, 1 qol vurub.

Xatırladaq ki, “Lester Siti”nin qarşıdakı mövsümdən “Mançester Siti”dən gətirilmiş Enzo Mareska çalışdıracaq.


