Futbol üzrə İngiltərə Super Kubokunun qalibi müəyyənləşib. Arena.az xəbər verir ki, kubok uğrunda Premyer Liqanın sonuncu qalibi “Mançester Siti” ilə İngiltərə kubokunun sahibi “Liverpul” mübarizə aparıb.
Lester şəhərində təşkil olunmuş matçda qapılara 4 qol vurulub. Yekunda “Liverpul” rəqibini 3:1 hesabıyla məğlub edərək növbəti tituluna yiyələnib.
Mersisayd təmsilçisinin heyətində Trent Aleksander-Arnold (21-ci dəqiqə), penaltidən dəqiq yararlanan Məhəmməd Salah (83) və Darvin Nunes (90+4) fərqlənib. “Mançester Siti”nin yeganə qolunu isə Xulian Alvares (70) vurub.
Beləliklə, Yurgen Kloppun çalışdırdığı “Liverpul” 16-cı dəfə İngiltərə Super Kubokunun sahibi olub. Bu baxımdan “qırmızılar” “Arsenal”a çatıb. Ən çox Super Kubok qazanmış komanda isə “Mançester Yunayted”dir – 21 dəfə.
Xatırladaq ki, Xosep Qvardiolanın çalışdırdığı “Mançester Siti” ötən il də Super Kubok matçında “Lester Siti”yə 0:1 uduzaraq bu titula sahib çıxa bilməmişdi.


