Bu yay İtaliyanın “Verona” klubundan ayrılan xorvatiyalı məşqçi İqor Tudor özünə yeni iş yeri tapıb. Arena.az xəbər verir ki, 44 yaşlı mütəxəssis bundan sonra Fransanın “Olimpik” (Marsel) komandasını çalışdıracaq.
Bu barədə Liqa 1 təmsilçisinin rəsmi saytı məlumat yayıb. Xorvatiyalı mütəxəssis yeni klubu ilə 2 illik müqaviləyə imza atıb. O, bir neçə gün öncə istefaya göndərilən Xorxe Sampaolini əvəz edib. İddiaya görə, argentinalı mütəxəssis klub rəhbərliyi ilə transfer siyasətində anlaşa bilmədiyi üçün postundan ayrılıb.
İqor Tudor 2021-ci ilin sentyabrından çalışdırdığı “Verona”dan bu ilin iyun ayında ayrılıb. Sözügedən komanda bu mütəxəssisin rəhbərliyi altında 36 matça çıxıb, 14 qələbə qazanıb, 11 heç-heçə edib, 11 məğlubiyyətə üzülüb. Xorvat məşçqi daha öncə “Hayduk” (Split), PAOK, “Karabükspor”, “Qalatasaray” və “Udineze”də də baş məşqçi olub, həmçinin “Yuventus”da köməkçi kimi çalışıb.


