Türkiyə Super Liqasında mübarizə aparan “İstanbulspor” klubu heyətinə daha bir yeni futbolçu cəlb edib. Arena.az xəbər verir ki, İstanbul klubu Super Liqanın digər təmsilçisi “Adana Dəmirspor”dan Mahamadu Banı icarəyə götürüb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Malidən olan 23 yaşlı yarımmüdafiəçinun bu mövsümün sonuna kimi icarədə oynayacağı diqqətə çatdırılıb.
Mahamadu Ba 2022-ci ilin avqustunda “Adana Dəmirspor”a transfer olunsa da, bu komandada əsas heyətə düşə bilmirdi. Bu üzdən də o, iş yerini dəyişməyə qərar verib. Dayaq yarımmüdafiəçisi mövqeyində çıxış edən futbolçu daha öncə Türkiyədə “Bandırmaspor”, “Ərzurumspor” və “Menemenspor” klublarında da forma geyinib.
“İstanbulspor” öz hücumçusu İbrahim Yılmazı isə “Eyüpspor”a icarəyə verib. 28 yaşlı forvardın bu mövsümün sonuna kimi TFF 1-ci liqa klubunda çıxış edəcəyi açıqlanıb.
İbrahim Yılmaz 2016-cı ilin yayından İstanbul klubunun uğurları üçün çalışırdı. O, bu komandanın heyətində 207 oyuna çıxıb, 53 qol və 25 məhsuldar ötürmə müəllifi olub. Türkiyənin aşağı yaş qrupları üzrə yığmalarında da oynamış forvard, daha öncə “Şanlıurfaspor”, “Altınordu”, “Başakşəhər” və “Gənclərbirliyi” klublarında forma geyinib.
Xatırladaq ki, “İstanbulspor” daha öncə “Eyüpspor”un nigeriyalı hücumçusu Emeka Ezeni icarəyə götürdüyünü açıqlamışdı. Nigeriyadan olan 26 yaşlı futbolçu satınalma şərti nəzərdə tutulmdan bu mövsümün sonuna kimi elita təmsilçisinin formasını geyinəcək.


