“İstanbulspor” yenidən Fatih Tekke ilə anlaşdı

Türkiyənin “İstanbulspor” komandasının yeni baş məşqçisi müəyyənləşib. Arena.az xəbər verir ki, Super Liqa təmsilçisini bundan sonra Fatih Tekke çalışdıracaq.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 45 yaşlı mütəxəssislə 5 illik müqavilə imzalandığı diqqətə çatdırılıb.

Fatih Tekke bu posda ötən gün istefa vermiş Osman Zeki Korkmazı əvəz edib. Hansı ki, onun istefasına komandanın cari mövsümdəki uğursuz çıxışı səbəb olub. Bu mövsüm yenidən Super Liqada mübarizə aparmaq hüququ qazanan İstanbul təmsilçisi, geridə qalan 10 oyunda cəmi 8 xal toplayıb və 19 iştirakçı arasında 17-ci pillədə qərarlaşıb.

Xatırladaq ki, Osman Zeki Korkmaz 2021-ci ilin avqust ayından “İstanbulspor”a rəhbərlik edirdi. Komandanı Super Liqaya məhz bu gənc məşqçi çıxarmışdı.

Fatih Tekke daha öncə də iki fərqli dönəmdə “İstanbulspor”un baş məşqçisi olub. O, 2018-2019 və 2020-2021-ci illər aralığında sözügedən komandaya rəhbərlik edib. Türkiyə millisinin sabiq üzvü “Dənizlispor”, “Bursaspor”, “Manisaspor”, “Boluspor” və “Kayseri Ərciyəsspor”da da baş məşqçi kimi çalışıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: