Futbol üzrə Almaniya milli komandasının heyətində dünya çempionu olmuş Jerom Boatenq İtaliyanın “Salernitana” klubundan ayrılıb.
Arena.az xəbər verir ki, 35 yaşlı futbolçu bundan sonra Avstriyanın LASK klubunun uğurları üçün çalışacaq.
Bu barədə sözügedən klub rəsmi saytı vasitəsilə məlumat yayıb. Müdafiəçi növbəti 2 mövsümdə bu komandanın formasını geyinəcək. Boatenq yeni komandasına azad agent olaraq keçib.
Xatırladaq ki, Boatenq “Salernitana”ya bu ilin fevral ayında azad agent kimi qoşulmuşdu. Təcrübəli mərkəz müdafiəçisi bu komandada cəmi 7 oyuna çıxıb. Mövsümün yekununda “Salernitana”nın A Seriyasını tərk etməsi ilə Boatenq də klubdan ayrılmağa qərar verib.
Jerom Boatenq Almaniyanın “Herta” klubunun yetirməsidir. O, karyerası ərzində “Bayern”, “Olimpik” (Lion), “Tennis Borussiya Berlin”, “Hamburq” və “Mançester Siti”də də çıxış edib.
Müdafiəçi karyerasındakı qənimətlərin böyük əksəriyyətini məhz Almaniya nəhəngi “Bayern”lə qazanıb. Jeromun qənimətlər muzeyində 9 Bundesliqa çempionluğu, 5 Almaniya Kuboku, 5 Almaniya Super Kuboku, 2 Çempionlar Liqası, 2 UEFA Super Kuboku, 2 FIFA Klub Dünya Kuboku var. Üstəlik, Boatenq 2016-cı il üçün Almaniyada ilin futbolçusu seçilib.
Boatenq 2009-cu ilin oktyabrında debüt etdiyi Almaniya yığmasında 76 oyun keçirib, 1 qol vurub, 5 məhsuldar ötürmə verib. Jerom “bundestim”lə 2014-cü ildə Braziliyada keçirilmiş dünya çempionatının qalibi olub.
Xatırladaq ki, Jerom Boatenq qanalı yarımmüdafiəçi Kevin-Prins Boatenqin ögey qardaşıdır.
Yeri gəlmişkən, Boatenqlə yanaşı, meksikalı qapıçı Gilyermo Oçoa da “Salernitana”nın B Seriyasına yuvarlanması ilə bərabər klubu azad agent qismində tərk edib. Eyni zamanda maddi imkanlarının məhdudluğu mənzərəsində “Salernitana” təcrübəli qapıçını da saxlamaq iqtidarında deyil.


