Joel Matip mövsümün sonunda “Liverpul”dan ayrılacaq

“Liverpul”un kamerunlu mərkəz müdafiəçisi Joel Matip cari mövsümün sonunda “qırmızılar”ın düşərgəsini tərk edəcək.

Arena.az bu bərədə İngiltərə klubunun rəsmi saytına istinadən məlumat verir.

“32 yaşlı futbolçu mövsümün sonunda “qırmızılar”la müqaviləsi başa çatdıqdan sonra karyerasının yeni mərhələsinə başlayacaq və bu oyunda ən böyük mükafatlarını qazanmaqla “Enfild”i tərk edəcək.

Sakit və taraz mərkəz müdafiəçisi, Yurgen Klopun ilk imzalarından biri idi. O vaxtkı yeni çalışdırıcının Bundesliqadakı biliyinə güvənərək, “Şalke”dən qoşulmuşdu. Bu, “qırmızılar”ın tarixində ən yaxşı sövdələşmələrdən biri oldu”, – “Liverpul” mətbuat xidməti klubun rəsmi saytında Matip haqda bildirib.

Joel Matip “Veytmar”, “Boxum” və “Şalke”nin futbol akademiyalarında yetişib, 2016-cı ilin iyulunda isə “Şalke”dən azad agent qismində “Liverpul”un düşərgəsinə keçib.

Cari mövsümdə Matip “qırmızılar”ın heyətində 14 oyun keçirib, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib. Kamerunlu müdafiəçinin “Liverpul”un heyətində çıxışının ümumi mənzərəsi belədir: 201 oyun, 11 qol, 6 məhsudlar ötürmə.

Joel Matip 2010-cu ilin martında debüt etdiyi Kamerun yığmasının heyətində 27 oyuna 1 qol vurub.

Joel Matipin qənimətlər muzeyində ilk kuboklar “Şalke” ilə qazandığı Almaniya Kuboku və Almaniya Super Kubokudur. Qalan bütün mükafatlarını Matip “Liverpul”la qazanıb: İngiltərə Premyer Liqası, İngiltərə Kuboku, İngiltərə Liqa Kuboku (2 dəfə), İngiltərə Super Kuboku, Çempionlar Liqası, UEFA Super Kuboku.

“Transfermarkt” internet-portalı 32 yaşlı kamerunlu mərkəz müdafiəçisi Joel Matipin transfer dəyərini 8 milyon avro məbləğində qiymətləndirir.