Jozef De Souza rəsmən Türkiyə klubunda

Braziliya milli komandasının və “Beşiktaş”ın sabiq yarımmüdafiəçisi Jozef de Souza bundan sonra “Başakşəhər”in uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə İstanbul klubunun rəsmi saytı məlumat yayıb.

Hazırda azad agent statusuna malik olan futbolçu ilə 1,5 illik (2025-ci ilin 30 iyununa kimi) müqavilə imzalanıb. De Souzanın bu komandada 89 nömrəli formanı geyinəcəyi açıqlanıb.

Braziliyalı futbolçu 2023-cü ilin fevralında Türkiyənin “Beşiktaş” klubundan ayrılaraq Çin təmsilçisi “Beijing Quoan”la müqavilə bağlamışdı. Amma onun bu klubla müqaviləsinin müddəti başa çatdığı üçün, yarımmüdafiəçi azad agentə çevrilmişdi.

“Başakşəhər” 34 yaşlı oyunçunun Türkiyədə “Fənərbaxça” və “Beşiktaş”dan sonra üçüncü komandasıdır. Super Liqa karyerasına “Fənərbaxça”da başlamış Jozef de Souza 3 mövsüm “sarı-lacivərd” komandada çıxış edib. “Fənərbaxça”dan ayrıldıqdan sonra “Əl-Əhli”də oynamış braziliyalı 2020/2021 mövsümündən etibarən “Beşiktaş”da forma geyinməyə başlayıb. O, təxminən 2,5 mövsüm burada çıxış edib.

“Fənərbaxça”da 136 oyunda 16 qol, 6 məhsuldar ötürmə ilə yadda qalmış yarımmüdafiəçi, “Beşiktaş”da 88 matçda 9 qol vurub, 4 məhsuldar ötürmə edib. Jozef De Souza qardaş ölkədə çıxış etdiyi illərdə Turkiyə Super Liqasının, Türkiyə Kubokunun və Türkiyə Super Kubokunun qalibi olub.

Karyerasına ölkəsinin “Vasko da Qama” komandasında başlamış yarımmüdafiəçi, “Portu”, “Qremio”, “San Paulo”, “Əl-Əhli” kimi klubların da formasını geyinib. O, Braziliya milli komandasında da 3 oyuna çıxıb.

Yeri gəlmişkən, Türkiyə mətbuatı “Kayserispor”un futbolçusu Olivye Kemenin də “Başakşəhər”ə keçmək üzrə olduğunu yazır. Onunla da 3 illik müqavilə nəzərdə tutulub.

Xəbəri sosial şəbəkələrdə paylaş: