Futbol üzrə Azərbaycan Premyer Liqasının 28-ci turunun “Kəpəz” – “Qarabağ” matçının biletləri sabahdan etibarən satışa çıxarılacaq.
Arena.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, biletlər saat 12:00-dan etibarən iticket.az-da satışda olacaq.
Biletlərin qiyməti sektorlara uyğun olaraq 3, 7 və 15 manat təşkil edir.
Biletlər sabah iticket.az-da onlayn, həmçinin oyun günü Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında da satışda olacaq.
Xatırladaq ki, 28-ci turda əslində “Kəpəz” “Qarabağ”ı qəbul edəcək. Gəncə klubu məlum səbəblərdən stadionsuz qaldığı üçün, Ağdam təmsilçisini mərkəzi arenada sınağa çəkəcək. Klublar arasındakı razılığa əsasən, “rəqib meydanında” oynamasına rəğmən, bilet satışını məhz “Qarabağ” təşkil edir.
Sözügedən qarşılaşma martın 29-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Oyuna saat 19:00-da start veriləcək.


