Kassano Leaoya: “Get, model ol, futbol – sənlik deyil”

“Roma” və “Milan”ın keçmiş hücumçusu Antonio Kassano “rossoneri”nin portuqaliyalı cinah hücumçusu Rafael Leaonu tənqid edib.

Arena.az “Notizie Milan” dərgisinə istinadən, dildən acı olan Kassanonun Leao haqda tənqidi fikrini təqdim edir:

“Bu Leao artıq altıncı ildir ki, “Milan”dadır. Yalnız skudettonu qazandığı ərəfədə üç-dörd ay ərzində ondan heç də pis olmayan oyunlar görmüşəm. Qalan beş il yarımı o, elə, bu gün də gördüyümüz kimi idi. Yeddi layiqli oyun keçirib, qalan beş ildə zəif çıxış edibsə, niyə mən onun çempion və ya mümkün ulduz olduğunu dilə gətirməliyəm ki? Bu, mənim üçün ağlasığmazdır! O, meydana çıxır, pərəstişkarlarını salamlayır, saçını-başını hörür, baho, nə bilim… Deməli, müğənniliyə və ya model olmağa baş vurması gərəkdir. Amma yüksək səviyyədə futbolçu olmaq – onun başı üçün deyil! O, əmindir ki, fenomendir, amma bu, elə deyil”, deyə Kassano zəhərli dilini işə salıb.

Rafael Leao Lissabon “Sportinq”inin yetirməsidir. Portuqaliyalı cinah hücumçusu “Milan”a 2019-cu ilin avqustunda 29,5 milyon avro məbləğ müqabilində “Lill”dən keçib. Tərəflər arasındakı müqavilə 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Leao “Milan” üçün 5 oyun keçirib, 1 qol və 3 məhsuldar ötürmə ilə fərqlənib.

Rafael Leao “rossoneri”nin heyətində ümumilikdə 215 oyuna çıxıb, 59 qol vurub, 53 məhsuldar ötürmə verib.

Rafael Leao “Milan”la 2021/2022-ci illər mövsümü İtaliya A Seriyasının qalibi olub və həmin mövsüm üçün ilin oyunçusu seçilib.

Rafael Leao 2021-ci ilin oktyabr ayında debüt etdiyi Portuqaliya yığmasının heyətində 33 oyun keçirib, 4 qol vurub, 6 məhsuldar ötürmə verib. Portuqaliyalı cinah hücumçusunun aşağı yaş qruplarından ibarət yığma komandalarda zəngin oyun təcrübəsi var.

Əsas yığmada debütə qədər Rafael Leao U-16, U-17, U-18, U-19, U-20, U-21 yığmalarının heyətinə dəvət alıb və U-18 yığmasından başqa bütün komandaların heyətində çoxlu oyunlar keçirib və qollar vurub. Leao Portuqaliyanın U-17 yığması ilə Avropa çempionatının qalibi olub.

“Transfermarkt” internet-portalı 25 yaşlı portuqal sol cinah hücumçusunun transfer dəyərini 90 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: