Kleman Lanqle rəsmən “Aston Villa”da

Fransa yığmasının və İspaniya çempionu “Barselona”nın mərkəz müdafiəçisi Kleman Lanqle İngiltərənin “Aston Villa” klubuna keçib.

Arena.az bu barədə Premyer Liqa klubunun rəsmi saytına istinadən məlumat verir.

28 yaşlı futbolçu 2024-cü il iyun ayının sonuna qədər “Aston Villa”nın xidmətində olacaq. Bunun müqabilində “şirlər”in kataloniyalılara ödəyəcəyi məbləğ isə açıqlanmır.

Beləliklə, Lanqle iki aylıq fasilədən sonra yenidən İngiltərənin yaşıl meydanlarında çıxış edəcək. Belə ki, Lanqle ötən mövsümü icarə əsasında “Tottenhem”də çıxış edib.

“Barselona” Lanqleni 2018-ci ildə “Sevilya”dan transfer edib. Fransız müdafiəçinin transferi kataloniyalılara 35,9 milyon avroya başa gəlib. Lanqlenin “Barselona” ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Geridə qalmış 2022/2023 mövsümündə Lanqle “Tottenhem”in heyətində 35 oyuna çıxıb, 1 qol vurub, 2 məhsuldar ötürmə verib.

Kleman Lanqle 2019-cu ilin iyununda debüt etdiyi Fransa yığmasının heyətində 15 oyun keçirib, 1 qol vurub. Lanqle “xoruzlar”la 2021 UEFA Millətlər Liqasını qazanıb.

“Transfermarkt” internet-portalı 28 yaşlı Kleman Lanqleni 10 milyon avro məbləğində qiymətləndirir.

“Aston Villa” öz futbolçularından ikisini də satmağa qərar verib. Premyer Liqa təmsilçisi 21 yaşlı sol cinah vingeri Ceyden Filocini “Hall Siti”yə satıb və 5,8 milyon avro qazanıb. İngilis futbolçu yeni klubu ilə 3+1 illik müqavilə bağlayıb.

25 yaşlı hücumçu Kinan Deyvis isə İtaliyanın “Udineze” klubuna keçib. Forvard yeni klubu ilə 4+1 illik müqavilə bağlayıb. “Aston Villa” bu satışdan 2,3 milyon avro qazanıb. Premyer Liqa klubunda 86 oyuna 6 qol və 7 məhsuldar ötürmə müəllifi olmuş futbolçu “Uotford” və “Nottingem Forest”də də oynayıb.

Yeri gəlmişkən, “Udineze” heyətinə daha 2 yeni futbolçu cəlb edib. A Seriyası təmsilçisi İngiltərənin “Midlsbro” klubundan Martin Payeronu transfer edib. İtaliya vətəndaşlığı da olan argentinalı yarımmüdafiəçi ilə 4+1 illik müqavilə imzalanıb. 24 yaşlı futbolçu “Midlsbro”dan başqa “Banfild”, “Talyeres”, “Boka Xuniors” kimi klublarda da oynayıb.

Danimarkanın “Orhus” klubunun mərkəz müdafiəçisi Tomas Kristensen də “Udineze”yə keçib və 5 illik müqavilə bağlayıb. 21 yaşlı futbolçu Danimarkanın U-21 yığmasının üzvüdür.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: