Klopp: “Mövsümün bizim üçün yaxşı bitməyəcəyi çoxdan məlum idi”

“Liverpul”un baş məşqçisi Yurgen Klopp komandasının UEFA Çempionlar Liqasından kənarda qalmasını şərh edib.

Arena.az “Sky Sports”a istinadən xəbər verir ki, alman mütəxəssis komandasının çətin durumuna rəğmən, nikbinlik üçün əsas olduğunu da dilə gətirib:

“Lap çoxdan məlum idi ki, bu mövsüm yaxşı olmayacaq. Əlbəttə, biz mövsümdən narazıyıq, çünki səhvlər buraxır və sabitlik nümayiş etdirmirdik.

Biz DÇ-2022-dən sonra kifayət qədər çox xal toplamışıq. Bütün mövsüm boyunca beləcə xal yığsaydıq, turnir cədvəlində başqa sırada yer alardıq.

Nikbinlik üçün əsas var, bu, həqiqətən belədir. O cümlədən ötən ev oyunundan sonra azarkeşlərimizin yaratdığı ab-havanı qeyd edərdim. Bu məqamlar fantastik gələcək üçün özüldür.

Biz hamının istədiyini və gözləndiyini verə bilmədik. Ancaq biz hələ də birik və bu, yaxşı əlamətdir. Mən nikbinklik üçün çox səbəb görürəm. Paltardəyişmə otağımızda pis ab-hava hökm sürmür. Biz bir-birimizi barmaqla göstərmirik.

Çempionlar Liqasına düşməyəndə, mümkün ən yaxşı yer – beşinci sıradır. Və biz bu sıradayıq. On oyun bundan öncə məndən bunu edə biləcəyimizi soruşsaydılar, mən, “yox”, deyə cavablardım”.

Klopp komandasının hücumçusu Salahın sosial şəbəkədə paylaşdığı emosinal məzmunlu yazısına da fikir bildirib. O, misirli hücumçunun komandasının Çempionlar Liqasına düşə bilməməsi səbəbilə paylaşdığı emosinal səpgili yazıda bir qəbahət görmədiyini dilə gətirib:

“Məni, dediyim sözlərdən sizin tərtib etdiyiniz başlıqlar bir qədər narahat edir… Sosial şəbəkələr aləmində həmişə çoxlu pis şeylər baş verir. Ancaq Salahın yazısı bu qəbildən deyil. Bu, onun hisslərinin normal təsviridir. İndi mən onu yeməkxanada gördüm – o, gülümsəyirdi. Səbəbini deyə bilməsəm də, o, pis ovqatda deyildi”.

Xatırladaq ki, Premyer Liqanın bitməsinə bir tur qalmış beşinci sırada yer alan “Liverpul”un Çempionlar Liqasından kənarda qalacağı rəsmiləşib. Komanda Avropa Liqasında çıxış edəcək. Sonuncu dəfə “qırmızılar” 2016/2017 mövsümündə Avropanın ən nüfuzlu klub turnirini müşahidəçi olaraq seyr etmişdilər.

Premyer Liqada bu mövsüm 37 oyuna 66 xal toplamış “Liverpul” mövsümün son matçını sabah “Sauthempton”a qarşı keçirəcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: