“Liverpul”un baş məşqçisi Yurgen Klopp “Leypsiq”dən 22 yaşlı macar yarımmüdafiəçi Dominik Soboslainin transferinə münasibət bildirib.
Arena.az “Liverpul”un rəsmi saytına istinadən Kloppun bu xüsusda fikirlərini diqqətinizə çatdırır:
“Biz Dominiklə rəqib kimi bir az tanışıq, çünki onun iştirak etdiyi “Zalsburq”la iki çətin oyunumuz olub. Məncə, həmin oyunları izləmiş hər kəs onun həqiqətən maraqlı oyunçu olduğunu anlamışdı.
Dominik hələ də çox gəncdir. Onu qarşıda çox tərəqqi gözləyir. Bu, o deməkdir ki, bizim hamımızın səbirli olmağımız və onun istedadının komandamızda açılmasına imkan vermək üçün vaxt ayırmağımız məna kəsb edir.
Bu transferlə bağlı hər şey yaxşı xəbərdir və bu keçidin baş tutmasında əməyi olan hər kəsə çox minnətdaram. Bu, bizim indimiz və gələcəyimiz üçün bir töhfədir və bunun üçün görülən iş əvəzsizdir”, deyə Klopp bildirib.
Xatırladaq ki, Dominik Soboslai 70 milyon avro müqavilində “Leypsiq”dən “Liverpul”a transfer edilib.


