Kodi Qakpo rəsmən “Liverpul”da

Niderland milli komandasının və PSV-nin yarımmüdafiəçisi Kodi Qakpo bundan sonra İngiltərənin “Liverpul” klubunun formasını geyinəcək. Arena.az xəbər verir ki, bu barədə İngiltərə nəhənginin rəsmi saytı məlumat yayıb.

“Liverpul” bu transfer üçün Niderland klubuna 42 milyon avro təzminat ödəyib. 23 yaşlı vingerlə 2028-ci ilin yayına qədər müqavilə imzalanacaq. Müqavilə yanvarın 1-dən etibarən qüvvəyə minəcək. Qakponun Mersisayd təmsilçisində 18 nömrəli formanı geyinəcəyi diqqətə çatdırılıb. “Liverpul”da daha öncə bu nömrəli formanı Dirk Kuyt, Alberto Moreno, Yon Arne Riise, Antonio Nunes və Takumi Minamino kimi futbolçular geyiniblər.

Kodi Qakpo PSV-nin öz yetirməsidir. O, 2018-ci ildən bu klubun əsas komandasında forma geyinirdi. Yarımmüdafiəçi PSV-də keçirdiyi 159 oyunda 55 qol vurub, 50 məhsuldar ötürmə müəllifi olub.

Qakpo 2021-ci ilin iyun ayında debüt etdiyi Niderland milli komandasında da 14 oyun keçirib, 6 qol vurub. O, məhz Qətərdə keçirilmiş dünya çempionatındakı çıxışı ilə özündən söz etdirməyi bacardı və həmin dövrdən “Liverpul”un transfer siyahısında yer almışdı.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: