“Konyaspor” hakim qərarlarına etirazını bildirdi

Türkiyə Super Liqasının 14-cü turunda “Alanyaspor”la qarşılaşan “Konyaspor” bu oyunun hakimliyindən narazı qalıb.

Arena.az xəbər verir ki, 2:2 hesabıyla bitən matçdan sonra açıqlama yayan Konya klubu xüsusilə baş hakim Burak Pakkana sərt etirazını bildirib:

“Alanyaspor”la oynadığımız matçda hakim Burak Pakkan öz mülahizəsindən rəqib komandanın xeyrinə istifadə edərək 90 dəqiqə meydanda mübarizə aparan futbolçularımızın əsəbləri ilə oynadı. Demək olar ki, bütün ikili mübarizələrin hamısında oyunu dayandıran Burak Pakkan, hər iki komandanın futbol oynamasına imkan vermədi.

Matçın hər anında fit çalınması oyunun davamlı olaraq durmasına, komandaların ritm tapmasına mane olurdu. Matçın ilk hissəsində rəqib futbolçuların belə çaşqınlıqla qarşıladığı vəziyyətdə əleyhimizə penaltı verilməsi qərarını Mərkəzi Hakimlər Şurası təcili olaraq yoxlamalıdır. Bu mövsüm öz meydanımzıda oynadığımız “İstanbulspor” matçında baş hakim olmuş Burak Pakkanın əleyhimizə verdiyi qərarlar camiəmzdə sərt reaksiyalar yaranmasına gətirib çıxarmış, bu gün də yersiz şəkildə çaldığı fitlər ona qarşı bu sərt reaksiyaları daha da artırmışdır.

“Konyaspor” klubu olaraq fərdlərdən asılı olmayaraq, iradlarımızı bildirmək istəyirik. Futbolun gözəlliklərini danışmaq, daima oyunun içində qalmağı hədəfləyirik. Lakin edilən səhvlərlə haqqımızın tapdalanmasına heç vaxt icazə vermərik. Ölkəmizin futbolunu inkişaf etdirmək, izlənmə səviyyəsini artırmaq üçün müxtəlif tədqiqatlar aparan Türkiyə Futbol Federasiyasına tövsiyəmiz var. Futbolumuzun inkişafı, hər ikili mübarizələrdə fitinə müraciət etməyən, topun daha çox oyunda qalmasına çalışan hakimlərlə mümkün olacaq”.

Xatırladaq ki, Konya təmsilçisi bu mövsüm Super Liqada 14 oyuna toppladığı 14 xalla 20 iştirakçı arasında 15-ci pillədə qərarlaşıb.

Nihad Əsədov

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: