“Çelsi”nin hücumameyilli yarımmüdafiəçisi, ingilis futbolçu Koul Palmer İngiltərə Premyer Liqasında yeni rekorda imza atıb.
Arena.az xəbər verir ki, 22 yaşlı oyunçu bunu Premyer Liqanın 15-ci turunda “Tottenhem”ə qarşı keçirdikləri səfər oyununda penaltidən iki qol vurmaqla reallaşdırıb.
Palmer İngiltərə Premyer Liqasında çıxış etdiyi müddətdə 11 metrlik nöqtədən vurduğu 12 zərbənin hamısını dəqiq reallaşdırıb. İngilis futbolçu 100 %-lik göstərici ilə Premyer Liqa rekordçusu olub. Palmerdən əvvəlki rekord 11 penaltini dəqiq yerinə yetirmiş Yaya Tureyə məxsus idi.
Xatırladaq ki, “Tottenhem” – “Çelsi” matçı qonaqların 4:3 hesablı qələbəsi ilə başa çatıb. Palmer 61 və 84-cü dəqiqələrdə fərqlənib.
Koul Palmer İngiltərənin digər klubu “Mançester Siti”nin yetirməsidir. Hücumameyilli yarımmüdafiəçi “Çelsi”yə 2023-cü ilin sentyabr ayında 47 milyon avro məbləğ müqabilində məhz Mançester klubundan keçib. Palmerin London təmsilçisi ilə müqaviləsi 2033-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Palmer “zadəganlar”ın heyətində bütün yarışlarda 17 oyuna çıxıb, 11 qol və 6 məhsuldar ötürmə ilə fərqlənib.
Palmer “Çelsi”nin heyətində ümumilikdə 62 oyun keçirib, 36 qol vurub, 21 məhsular ötürmə verib.
Koul Palmer 2023-cü ilin noyabr ayında debüt etdiyi İngiltərə yığmasının heyətində 11 oyun keçirib, 2 qol vurub, 1 məhsudlar ötürmə verib.
Palmer İngiltərənin U-21 yığması ilə Avropa çempionu (2023) olub. O, “Mançester Siti” ilə də UEFA Çempionlar Liqasını (2022/2023), İngiltərə Premyer Liqasını (2021/2022, 2022/2023), UEFA Super Kubokunu (2023/2024), İngiltərə Kubokunu (2023), İngiltərə Liqa Kubokunu (2021) qazanıb.
“Transfermarkt” internet-portalı 22 yaşlı ingilis hücumameylli yarımmüdafiəçinin transfer dəyərini 90 milyon avro məbləğində qiymətləndirir.


