İtaliya A Seriyasına vəsiqə uğrunda B Seriyası klubları – “Kremoneze” və “Spetsiya”nın mübarizəsini “skripkaçılar” qazanıblar.
Arena.az məlumat verir ki, vəsiqə uğrunda ələmə mərhələsində cütün ilk oyununu evdə qolsuz heç-heçə ilə başa vurmuş “Kremoneze”, səfər oyununda 3:2 hesablı qələbəyə sevinib.
Oyun əsəbi çalarlarla diqqət çəkib. 79-cu dəqiqədə 3:0 hesablı üstünlük yaxalamış “Kremoneze”, 83-cü və 85-ci dəqiqələrdə iki qol “yeyərək” oyunun son dəqiqələrində azarkeşlərini ürəktutmaya salıb. Buna rəğmən, “skripkaçılar” qələbə hesabını qoruyub-saxlayıblar və bununla da növbəti mövsümdə İtaliya A Seriyasında iştirak imkanına müvəffəq olublar.
Xatırladaq ki, daha əvvəl “Sassuolo” və “Piza” A Seriyasına vəsiqə əldə ediblər. 2024/2025-ci illər mövsümünün yekunları üzrə “Empoli”, “Venesiya” və “Montsa” isə B Seriyasına yuvarlanıblar.


