Futbol üzrə Yeni Zelandiya milli komandasının hücumçusu Kris Vud İngiltərənin “Nyukasl” klubundan ayrılıb. Arena.az xəbər verir ki, 31 yaşlı forvard bundan sonra Premyer Liqanın digər təmsilçisi “Nottingem Forest”in uğurları üçün çalışacaq.
Bu barədə sözügedən klublar rəsmi saytları vasitəsiilə məlumat yayıblar. Təcrübəli hücumçu bu mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürülüb. “Nottingem Forest” bu öhdəliyini yerinə yetirmək üçün “Nyukasl”a 10 milyon avro ödəməlidir.
Xatırladaq ki, Kris Vud “Nyukasl”a 2022-ci ilin yanvar ayında 30 milyon avro qarşılığında transfer olunmuşdu. O, bu komandanın heyətində 39 oyuna cəmi 5 qol vurub. Hücumçu daha öncə “Bernli”, “Lids”, “İpsviç Taun”, “Lester Siti”, “Miluol”, “Bristol Siti”, “Birmingem Siti”, “Brayton”, “Barnsli”, “Vest Bromviç”, “Vaykato” kimi klublarda da oynayıb. O, Yeni Zelandiya milli komandasında meydana çıxdığı 70 oyunda 33 qola imza atıb.
“Nottingem Forest” yarımmüdafiəçisi Coş Bouleri isə “Blekpul”a icarəyə verib. Bu kluba 2022-ci ilin sentyabrında məhz “Blekpul”dan transfer olunan 23 yaşlı vinger dərhal Yunanıstanın “Olimpiakos” komandasına icarəyə verilmişdi. Lakin yunanlar qış fasiləsində onunla yolları ayırmağa qərar veriblər. Bouler də icarə əsasında sabiq klubu “Blekpul”a qayıtmağa qərar verib. O, “Olimpiakos”da cəmi 7 oyun keçirib.
Coş Bouler peşəkar karyerasına KPR-də başlayıb. 2017-ci ildə “Everton”a transfer olunan futbolçu, bu klubun əsas komandasında oynamaq şansı qazanmasa da, “Hall Siti”yə icarəyə verilib. 2021-ci ilin iyul ayında isə o, “Blekpul”a transfer olmuşdu. Vinger vaxtilə bu komandanın heyətində meydana çıxdığı 52 matçda 10 qol vurub, 3 məhsuldar ötürmə edib.


