Kristian Luyindama “Qalatasaray”dan birdəfəlik ayrıldı

Türkiyə Super Liqasında mübarizə aparan “Qalatasaray” konqolu mərkəz müdafiəçisi Kristian Luyindama ilə yollarını ayırıb.

Arena.az xəbər verir ki, bu barədə son çempionun mətbuat xidmətinə istinadən məlumat verir.

Bu mövsümün sonuna kimi müqaviləsi olan təcrübəli futbolçu ilə sözləşməyə qarşılıqlı razılıq əsasında xitam verilib. Onun karyerasını harada davam etdirəcəyi hələlik, məlum deyil.

Kristian Luyindama 2019-cu ilin yanvarından “Qalatasaray”da çıxış edirdi. “Sarı-qırmızı”lar Luyindamanı 2018/2019 mövsümünün dövrələrarası fasiləsində Belçikanın “Standard” (Lyej) klubundan 3 milyon avroya icarə əsasında heyətinə qatmışdılar. Luyindamadan razı qalan “Qalatasaray” daha 5 milyon avro ödəməklə onun transfer hüquqlarını da almışdı.

Konqo Demokratik Respublikasından olan mərkəz müdafiəçisi İstanbul təmsilçisində 79 oyuna çıxıb, 5 qol vurub, 2 məhsuldar ötürmə ilə yadda qalıb. O, bu müddətdə Səudiyyə Ərəbistanının “Əl-Taavun” klubunda, həmçinin “Antalyaspor”da icarədə oynamağa da fürsət tapıb.

Bu mövsümün əvvəlində “Qalatasaray”a qayıdan Luyindama əsas komandadan ayrı, fərdi məşqlər edirdi. Müqaviləsinin müddəti 2024-cü il iyunun 30-da başa çatacaq Luyindama bu vəziyyətin sona kimi davam etməsini istəmədiyi üçün bu qış fasiləsində klubu tərk edib.

Luyindama “Mazembe” və “Standard” (Lyej) komandalarının da formasını geyinib. O, Konqo yığmasında 23 oyun keçirib.

Nihad Əsədov

Xəbəri sosial şəbəkələrdə paylaş: