İngiltərənin “Çelsi” klubunun yarımmüdafiəçisi Kristian Pulişiç futbol üzrə UEFA Çempionlar Liqasının tarixinə düşüb.
Arena.az xəbər verir ki, 22 yaşlı futbolçu Avropanın ən nüfuzlu klub turnirinin yarımfinalında qol vurmağı bacaran ilk ABŞ-lı futbolçu olub.
O, buna ÇL-in yarımfinal mərhələsi çərçivəsində Madriddə İspaniya “Real”ına qarşı keçirdikləri ilk oyunda nail olub. Pulişiç bu matçın 14-cü dəqiqəsində komanda yoldaşı Antonio Rudigerdən aldığı möhtəşəm ötürməni dəqiq zərbə ilə tamamlayıb. ABŞ yığmasının üzvü həm də bütün turnirlər çərçivəsində “Real”a qol vurmağı bacaran ilk amerikalı oyunçu olub.
Pulişiç “Çelsi”nin də tarixinə düşüb. O, London klubunun tarixində ÇL-in yarımfinalında qol vuran ən gənc (22 yaş 221 gün) futbolçuya çevrilib.
“Real”la oyun “Çelsi”nin digər yarımmüdafiəçisi Meyson Maunt üçün də əlamətdar olub. 22 yaşlı futbolçu London təmsilçisinin heyətində 100-cü oyununa çıxıb. O, bu oyunlarda 16 qol vurub, 13 məhsuldar ötürmə müəllifi olub.
Kristian Pulişiç 2019-cu ildən “Çelsi”nin uğurları üçün çalışır. O, 2016-2019-cu llərdə yetirməsi olduğu Dortmund “Borussiya”sında (Almaniya) forma geyinib.
Meyson Maunt isə “Çelsi”nin öz yetirməsidir. Lakin o, 2017/18 mövsümünü icarə əsasında Niderlandın “Vitess”, 2018/19 mövsümünü də İngiltərənin digər təmsilçisi “Derbi Kaunti” komandasında keçirib. Yarımmüdafiəçi həm də 2019-cu ildən İngiltərə milli komandasının uğurları üçün çalışır.
Qeyd edək ki, “Real” – “Çelsi” matçı 1:1 hesabıyla yekunlaşıb. Bu komandalar arasındakı cavab qarşılaşması mayın 5-də Londonda keçiriləcək.


