Futbol üzrə Argentina yığma komandasının və İngiltərənin “Tottenhem” klubunun mərkəz müdafiəçisi Kristian Romero uzun müddətə sıradan çıxıb.
Arena.az xəbər verir ki, bu barədə London klubunun rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, 25 yaşlı futbolçu İngiltərə Premyer Liqasının 18-ci turu çərçivəsində baş tutan və 2:1 hesabı ilə qalib gəldikləri “Everton”la ev oyununda budundan zədə alıb. Zədə səbəbindən Kristian 4-5 həftə yaşıl meydanlardan uzaq qalacaq.
Xatırladaq ki, Kristian Romero “Tottenhem”ə 2021-ci ilin avqust ayında İtaliyanın “Atalanta” klubundan gəlib. O, bu komandanın heyətində bütövlükdə 79 oyuna çıxıb, 4 qola imza atıb, 1 məhsuldar ötürmə müəllifi olub. Bu mövsüm isə Romero London təmsilçisinin heyətində 15 oyuna 3 qol vurub.
Kristian Romeronun Premyer Liqa təmsilçisi ilə müddəti 2027-ci ilin yayına qədər müqaviləsi var. O, daha öncə “Atalanta”, “Belqrano” və “Cenoa”da da oynayıb.
Romero Argentina yığmasında meydana çıxdığı 28 oyunda 2 qolla yadda qalıb.


