“Kolambus Kryu” (ABŞ) klubunun kolumbiyalı hücumçusu Kuço Ernandes bundan sonra “Betis”in uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.
İspaniya klubu bu transferi 13 milyon avroya rəsmiləşdirib. 25 yaşlı hücumçu ilə müddəti 2030-cu ilin 30 iyununadək nəzərdə tutulmuş müqavilə imzalanıb.
Tam adı Xuan Kamilo Ernandes Suares olan “El Kuço” ləqəbli hücumçu Kolumbiyanın “Deportivo Pereyra” klubunun yetirməsidir. O, karyerası ərzində “Qranada”, “Amerika Kali”, “Uotford”, “Hueska”, “Xetafe” kimi klubların da formasını geyinib. Kuço Ernandes 2022-ci ildən MLS-də çıxış edirdi. O, 2018-ci ildə debüt etdiyi Kolumbiya yığmasında 5 oyuna 2 qol vurub.
Kuço Ernandesin gəlişindən sonra “Betis” iki futbolçusunu da icarəyə verib. İspaniyalı sol vinger Xuanmi “Xetafe”yə keçib. 31 yaşlı futbolçu mövsümün sonunadək icarədə olacaq. İker Losada isə “Selta”ya icarəyə verilib. 23 yaşlı hücumçu da mövsümün sonunadək icarədə çıxış edəcək. Amma “Xetafe” Xuanmini satınalma şərti ilə icarəyə götürsə də, Losadanın bu mövsümün sonunda “Betis”ə qayıtması nəzərdə tutulub.
İker Losadanı heyətinə qatmış “Selta”da da ayrlıqlar qeydə alınıb. La Liqa təmsilçisi 23 yaşlı yarımmüdafiəçisi Karlos Dotoru bu mövsümün sonunadək Xixon “Sportinq”inə icarəyə verib. 26 yaşlı yarımmüdafiəçi Luka de la Torre icarə əsasında ABŞ klubu “San Dieqo”ya keçib.
Fransalı sol vinger Conatan Bamba isə “Selta”nı birdəfəlik tərk edib. La Liqa klubu onu “Çikaqo Fayr”a satıb və 3,5 milyon avro gəlir əldə edib. 28 yaşlı fransalı futbolçu ABŞ klubu ilə 2027-ci ilin 31 dekabrına qədər anlaşıb.


