Kukseviç: “Öyrənməliyik ki, oyunlarda işimiz yüngül olsun”

Futzal üzrə Azərbaycan milli komandasının baş məşqçisi Yevgeni Kukseviç federasiyanın rəsmi sayına açıqlama verib.

Arena.az xəbər verir ki, o, martın 23-də start verdikləri və ayın 26-na qədər davam edəcək Bakıda təlim-məşq toplanışını dəyərləndirib.

Kukseviç aprel ayında keçirəcəkləri yoxlama oyunlarına hazırlıq üçün bu toplanışın faydalı olduğunu vurğulayıb:

“Bizi aprel ayında 4 çətin oyun gözləyir. Bunu nəzərə alıb, qısamüddətli olsa da, toplanış keçirməyi lazım bildik. Oyun planında üzərində işləməli olduğumuz məqamlar var. Eyni zamanda heyətimizdə də bir necə yeni futzalçı var. Onları yoxlamaq istəyirik ki, apreldəki oyunlar üçün yekun heyəti müəyyənləşdirək. Uşaqların əhval-ruhiyyəsi yaxşıdır, həvəslə verilən tapşırıqları edirlər. Çempionat oyunları arasında da müəyyən qədər vaxt var. Bundan maksimum yararlanmağa çalışırıq. Öyrənməliyik ki, oyunlarda işimiz yüngül olsun”.

Xatırladaq ki, Azərbaycan millisi aprelin 9-da və 11-də Tiflisdə Gürcüstan, ayın 13-də və 15-də isə Aktau şəhərində Qazaxıstan yığması ilə yoxlama oyunları keçirəcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: