Lionel Messi “İnter Mayami”də mövsümə yekunlarını vurdu

“İnter Mayami”nin argentinalı superulduzu, hücumçu Lionel Messi komandasında mövsümün yekunlarına dair fikirlərini bölüşüb.

Arena.az məlumat verir ki, Messi bu barədə özünün sosial şəbəkə hesabı üzərindən çıxış edib:

“Komandanın bu mövsüm etdikləri ilə fəxr edirəm. Hər kəsin zəhməti və səyi ilə biz Liqalar Kubokunu qazana bildik, tarixdə ilk titul qazandıq, ABŞ Kubokunun finalına çıxdıq və MLS-in pley-off mərhələsinə vəsiqə uğrunda sona qədər mübarizə apardıq.
Biz gələn il daha da rəqabətədavamlı olmaq üçün bütün yaxşı cəhətləri və hər şeydən əvvəl təkmilləşmə arzusunu saxlayacağıq. Klubun və Mayami şəhərinin bütün insanlarına bizə həmişə göstərdikləri dəstəyə görə təşəkkür etmək istəyirəm. Əminəm ki, son bir neçə ayda olduğu kimi, hələ də gözəl anlar yaşayacağıq”, – Messi yazıb.

Xatırladaq ki, MLS-in müntəzəm mövsümü “’İnter Mayami” üçün uğursuz bitib. Buna rəğmən Şərq Konfransında sona qədər mübarizə aparmış “vağlar” mövsümü sonuncudan əvvəlki – 14-cü yerdə başa vurublar.

Lionel Messi cari ilin yay transfer pəncərsində PSJ-dən azad agent qismində “İnter Mayami”yə keçib. Amerikan kulubu Messi ilə müddəti 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.

Messi “İnter Mayami”nin heyətində 14 oyuna çıxıb, 11 qol vurub, 5 məhsuldar ötürmə verib. Ulduz futbolçu “vağlar”la bu il Liqalar Kubokunu qazanıb.

Messi hazırda kapitanı olduğu Argentina yığmasının heyətində 2005-ci il avqustun 17-də debüt edib. 18 il ərzində ulduz hücumçu yığmanın heyətində 178 oyun keçirib, 106 qol vurub və 56 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə Messi yığmanın mütləq rekordçusudur. Argentinalı superulduz yığmanın heyətində Yay Olimpiya Oyunlarının (2008), Amerika Kubokunun (2021), FIFA Dünya Kubokunun (2022), Çempionların CONMEBOL-UEFA Kubokunun (2022) qalibi olub. Həmçinin Messi dünya çempionatının gümüş (2014), Amerika Kubokunun gümüş (2007, 2015, 2016) mükafatçısı olub.

“Transfermarkt” internet-portalı 36 yaşlı Lionel Messini 35 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: