İngiltərənin “Liverpul” klubu 4 futbolçusu ilə yollarını ayırıb. Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa nəhənginin rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, qapıçı Loris Karius, hücumçu Divok Oriqi, həmçinin gənc futbolçular Şeyi Ojo ilə Ben Vudbern komandanı tərk edib. Onların bu yay müddəti bitən müqavilələri yenilənməyib və hər biri azad agent kimi “Liverpul”dan ayrılıb.
Fransanın “Lill” klubunun yetirməsi olan Divok Oriqi 2014-cü ildən “Liverpul”da çıxış edirdi. Belçika yığmasının da üzvü olan 27 yaşlı futbolçu, İngiltərə klubuna gələndən sonra bir mövsüm “Lill”də, həmçinin Almaniya “Volfsburq”unda icarədə də oynayıb. O, “Liverpul”da bütövlükdə 176 matça çıxıb, 41 qola imza atıb.
Almaniyanın “Maynts” klubunun yetirməsi olan Loris Karius 2016-cı ildən “Liverpul”da idi. Amma bu komandadakı karyerası uğursuz alınan almaniyalı qolkiper, 2 il Türkiyənin “Beşiktaş”, bir mövsüm də ölkəsinin “Union Berlin” klubunda icarədə oynamaq məcburiyyətində qalıb. 28 yaşlı futbolçu “Liverpul”da cəmi 49 matça çıxıb.
Şeyi Ojo “Liveprul”un öz yetirməsi olsa da, bu klubun əsas komandasında cəmi 13 matça çıxıb və 1 qol vurub. İngiltərədən olan 24 yaşlı vinger, müxtəlif vaxtlarda “Viqan”, “Vulverhempton”, “Fulhem, “Reyms”, “Reyncers”, “Kardiff Siti və “Milluol” kimi klublarda icarədə oynayıb.
Ben Vudbern də “Liverpul”un öz yetirməsidir. 22 yaşlı yarımmüdafiəçi doğma klubunun əsas komandasında 11 oyun keçirib, 1 qolla yadda qalıb. Uels yığmasında 11 oyun keçirib, 2 qol vurmuş futbolçu “Şeffild Yunayted”, “Oksford Yunayted”, “Blekpul” və “Hart of Midlotian” kimi klublarda icarədə çıxış edib.


