İngiltərənin “Liverpul” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Portuqaliyanın “Benfika” komandasının hücumçusu Darvin Nunesi transfer edib.
Bu barədə İngiltərə klubunun rəsmi saytı məlumat yayıb. Uruqvaylı futbolçu ilə 6 illik müqavilə imzalanıb. Darvin yeni komandasında 27 nömrəli formanı geyinəcək.
Britaniya mətbuatı “Liverpul” klubunun bu keçid üçün qarşı tərəfə 100 milyon avro ödəyəcəyini yazıb.
Darvin Nunes 2020-ci ilin sentyabrından “Benfika”da çıxış edirdi. 22 yaşlı forvard ötən mövsüm Portuqaliya çempionatında 28 oyuna çıxıb. O, bu oyunlarda 26 qol vurub və 4 məhsuldar ötürmə müəllifi olub. Uruqvay milli komandasının üzvü Portuqaliya klubunda bütövlükdə 85 matça çıxıb, 48 qol vurub.
Forvard daha öncə “Penyarol” və “Almeriya”nın da uğurları üçün çalışıb. O, Uruqvay millisində meydana çıxdığı 11 oyunda 2 qol vurub.


