“Liverpul” 11 metrlik cərimə zərbələrinin dəqiqliyini artırmaq məqsədilə penaltiləri neyrobioloqların köməyi ilə məşq edir.
Arena.az bu barədə “The Athletic” dərgisinə istinadən məlumat verir.
Mənbənin məlumatına görə, mersisaydlılar fevralın 25-də İngiltərə Liqa Kubokunun “Çelsi” ilə keçiriləcək final oyununda futbolçuları mümkün penaltilər silsiləsinə hazırlamaq üçün neyrobiologiya üzrə mütəxəssislərin xidmətinə müraciət ediblər. Alman alimləri Niklas Hausler və Patrik Hançke oyunçuların başlarına elektrodlar bağlayırlar ki, beyin fəaliyyətinə nəzarət etsinlər və penalti zərbələrini yerinə yetirməzdən əvvəl münasib psixoloji vəziyyətə nail olsunlar.
Hausler və Hançke 2021-ci ilin yayından “Liverpul”da işləməyə başlayıblar. Baş məşqçi Yurgen Klopp komandasının 2022-ci il Liqa Kuboku və İngiltərə Kubokunun finalında “Çelsi” üzərində qələbə qazanmasında onların mühüm rolunu qeyd edib.
Xatırladaq ki, hər iki oyunda əsas və əlavə vaxt “quru” hesabla (0:0) başa çatmışdı. “Qırmızılar” “zadəganlar”ı penaltilər silsiləsində müvafiq olaraq 6:5 və 11:10 hesabı ilə məğlub etmişdilər.
İngiltərə Liqa Kubokunun finalı sabah Londonun məşhur “Uembli” stadionunda keçiriləcək. Oyuna Bakı vaxtı ilə saat 18:00-da start veriiləcək.
“Liverpul” bütün İngiltərə komandaları arasında rekord sayda – 14-cü dəfə İngiltərə Liqa Kubokunun finalında iştirak edəcək. Mersisaydlılar bu yarışı 9 dəfə qazanıblar. Hansı ki, bu da rekord göstəricidir.


