“Liverpul”un braziliyalı qapıçısı Alisson Bekker İngiltərə Premyer Liqasının 13-cü turunda “Mançester Siti” ilə oyunda (1:1) zədələnib.
Arena.az “Evening Standard” dərgisinə istinadən məlumat verir ki, təcrübəli qolkiperin bu zədə səbəbindən cari ilin sonuna qədər meydana çıxa bilməyəcəyi vurğulanır.
Mənbənin məlumatına görə, braziliyalı qapıçı çox güman ki, bud nahiyəsindən zədə alıb.
Bundan əvvəl, mersisaydlıların baş məşqçisi, alman mütəxəssis Yurgen Klopp Alisonun zədəsinin xüsusiyyəti ilə bağlı heç bir məlumata malik olmadığını və tibbi müayinənin nəticələrini gözləməli olacağını bildirib.
Alisson “İnternasyonal”ın yetirməsidir. Braziliyalı qapıçı “Liverpul”a 2018-ci ilin iyulunda 62,5 milyon avro müqabilində “Roma”dan keçib. Alissonun “qırmızılar”la müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Alisson “Liverpul”un heyətində 14 oyuna çıxıb. O, bu oyunlarda 11 qol “yeyib”, 5 oyundan “quru” qurtulub. Alissonun Mersisayd təmsilçisinin heyətində ümumi statistikası isə belədir: 245 oyun, 215 buraxılmış qol, 108 “quru” oyun.
Alisson Bekker klub səviyyəsində qazandığı bütün qənimətlərini “Liverpul”la əldə edib: İngiltərə Premyer Liqası (2019/2020), İngiltərə Kuboku (2022), İngiltərə Liqa Kuboku (2022), Çempionlar Liqası (2018/2019), UEFA Super Kuboku (2019/2020), FIFA Klub Dünya Kuboku (2020).
Alisson 2015-ci ilin oktyabrında debüt etdiyi Braziliya millisinin heyətində 63 oyuna çıxıb. Təcrübəli qapıçı bu görüşlərdə 26 qol buraxıb, 41 oyunda qapısının toxunulmazlığını təmin edib. O, “selesao” ilə 2019 Amerika Kubokunun qalibi olub.
“Transfermarkt” internet-portalı 31 yaşlı Alisson Bekkeri 35 milyon avro məbləğində qiymətləndirir.


