Futbol üzrə Macarıstan yığmasının və İngiltərənin “Liverpul” klubunun yarımmüdafiəçisi Dominik Soboslai zədələnib.
Arena.az xəbər verir ki, bunu Premyer Liqa təmsilçisinin baş məşqçisi Yurgen Klopp klubun rəsmi saytına açıqlamasında deyib.
Alman mütəxəssisin sözlərinə görə, “Nyukas”la görüşdə zədə alan futbolçu ən azı 2 oyunda komandasına kömək edə bilməyəcək.
Xatırladaq ki, yanvarın 7-də “qırmızılar” İngiltərə Kubokunun 1/32 final mərhələsi çərçivəsində “Arsenal”la, yanvarın 10-da isə “Fulhem”lə Liqa Kubokunun ilk yarımfinal matçında üz-üzə gələcək.
Xatırladaq ki, Dominik Soboslai 2023-cü ilin iyul ayında Almaniyanın “Leypsiq” klubundan 70 milyon avroya “Liverpul”a transfer edilib. Macar yarımmüdafiəçinin “qırmızılar”la müqaviləsi 2028-ci ilin iyun ayının sonuna qədər nəzərdə tutulub. O, İngiltərə nəhənginin heyətində indiyə qədər 26 oyuna çıxıb. 23 yaşlı futbolçu bu oyunlarda 4 qola imza atıb, 3 məhsuldar ötürmə müəllifi olub.
Soboslai daha öncə “Leypsiq”, “Liferinq” kimi klubların da formasını geyinib. O, kapitanı olduğu Macarıstan yığmasında 2019-cu ilin mart ayında debüt edib. Yarımmüdafiəçi millidə keçirdiyi 38 oyunda 10 qol vurub, 5 məhsuldar ötürmə müəllifi olub.


