“Liverpul” Premyer Liqanın 7-ci turu çərçivəsində “Tottenhem”lə oyunda məlum VAR qalmaqalında zərərçəkmiş olmasına rəğmən, cərimələnə bilər.
Arena.az məlumat verir ki, İngilis Peşəkar Hakimlər Assosiasiyasının və İngiltərədə peşəkar oyunların hakimliyini təmin edən “Professional Game Match Officials Limited” (PGMOL) şirkətinin rəhbəri Hovard Uebb üzr istəmək üçün klubla əlaqə saxlayıb.
Xatırladaq ki, “Tottenhem”lə oyunu idarə etmiş hakimlər briqadası “qırmızılar”ın hücumçusu Luis Diasın vurduğu təmiz qolu oyundankənar vəziyyət kimi qiymətləndirərək hesaba almayıb. Vəziyyəti təhlil etməli olan VAR hakimləri isə oyuna müdaxilə edə bilməyiblər. Oyun “qırmızılar”ın səfərdə 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Məlum hadisə PGMOL tərəfindən ciddi insan səhvi kimi qiymətləndirilib. Müvafiq qərarla oyunun VAR briqadasının Premyer Liqanın cari mövsümündə idarəçilikdən kənarlaşdırılması ilə nəticələnib.
“Liverpul”un xal itkisinə və mənəvi zərbə almasına rəğmən, klubu ciddi para cəzası da gözləyir. Belə ki “Tottenhem”lə oyunda “qırmızılar”a 8 sarı və 2 qırmızı vərəqə göstərilib.
“Liverpul” “Tottenhem”lə oyunu 9 nəfərlə başa vurub. Körtis Consa mübahisəli oyun məqamda birbaşa qırmızı vərəqə göstərilib, Dioqo Jota isə iki sarı vərəqə nəticəsində oyundan qovulub. Bundan əlavə, Aleksis Makallister, Məhəmməd Salah, Endi Robertson və Vircil van Deyk də sarı vərəqə ilə cəzalandırılıb, Yurgen Klopun köməkçisi Piter Kravits “saraldılıb”. İngiltərə Futbol Assosiasiyası (The FA) bir oyunda 5-dən çox sarı vərəqə almış komandaları müvafiq qaydada cərimələyir. “Liverpul”un da bu xüsusda cərimə ödəcəyi istisna edilmir.
25 min funt sterlinq cərimə – bir oyunda 6 və ya daha çox vərəqə almış ixtiyari komanda üçün adi cəzadır və “Liverpul” qanunla cəzalanacaq. Ancaq “qırmızılar”ın bu xüsusda etirazla çıxış edəcək əsasının da olduğu vurğulanır. Söhbət ən azı Körtis Consun cəzalandığı oyun məqamı ilə əlaqədardır.


