“Liverpul”un kolumbiyalı vingeri Luis Dias adam oğruları tərəfindən qarçırılmış atasının axtarışı üçün Kolumbiyaya yollanmayacaq.
Arena.az bu barədə “Semana” dərgisinə istinadən məlumat verir.
Mənbənin məlumatına görə, müvafiq qərar futbolçunun şəxsi təhlükəsizlik məqsədi üçün qəbul edilib.
Əvvəlcə, Luis Dias vətəninə qayıtmaq niyyətində idi, amma qohumları, Kolumbiyaya gəldikdən sonra Diasın özünün valideynlərinin oğurlanmasında iştirak etmiş kəslərin hücumlarının hədəfinə çevrilə biləcəyini əsas gətirərək, onu bu qərarından çəkindiriblər. Luisin özünün atasını axtarıb tapmaq və azad etmək üçün plan hazırlayan yerli hakimiyyət orqanlarına tam etibar etdiyi vurğulanır.
Bundan əvvəl mətbuatda Kolumbiya ordusunun Ata Diasın axtarışına iki motorlu taqım, pilotsuz uçuş aparatları, vertolyotlar və ixtisaslaşdırılmış radarları olan xüsusi təyyarələr cəlb etdiyi barədə məlumat verilmişdi. Əməliyyatda ümumilikdə 120-dən çox şəxsi heyət iştirak edir.
BBC-nin məlumatına görə, əsgərlər polislə birlikdə Kolumbiyanın şimalında futbolçunun atasının axtarışındadırlar. Ordunun verdiyi açıqlamada ərazi yollarında xüsusi buraxılış məntəqələrinin qurulduğu, yoxlamalar aparıldığı deyilir.
Bundan əvvəl, Kolumbiyanın prokuroru Fransisko Barbosa bildirmişdi ki, Diasın qaçırılmış atası artıq Venesuelada ola bilər.
Kolumbiya Milli Polisinin direktoru general Uilyam Rene Salamanka Luis Diasın atasının yeri barədə məlumat verən şəxsə 10,5 min avroya qədər məbləğdə mükafat veriləcəyini elan edib.
Xatırladaq ki, bir neçə gün əvvəl futbolçunun doğma məmləkəti Quaxira departamentinin Barrankas şəhərində Luis Diasın valideynləri oğurlanmışdı. Diasın valideynləri avtomobil idarə edərkən onların yolu motosikletli naməlum şəxslər tərəfindən kəsilib. Adam oğruları Diasın anası və atasını hadisəsi yerindən şəxsi avtomobilləri ilə aparılıblar. Polisin keçirdiyi xüsusi əməliyyat nəticəsində Diasın anası adam oğrularından xilas edilib.
Qeyri-rəsmi məlumatda Diasın atasının polisin quldurlarla atışması zamanı azad edildiyi deyilirdi, amma sonradan bu məlumat öz təsdiqini tapmayıb.


