Futbol üzrə İsveç milli komandasının mərkəz yarımmüdafiəçisi Lukas Berqvall “Tottenhem”lə yeni müqaviləyə imza atıb.
Arena.az bu barədə İngiltərə klubunun rəsmi saytına istinadən məlumat verib.
19 yaşlı yarımmüdafiəçinin London təmsilçisi ilə yeni müqaviləsi 2031-ci ilin 30 iyununa qədər nəzərdə tutulub. Bir sözlə, tərəflər arasındakı mövcud sözləşmənin müddəti daha 2 il artırılıb. Berqvalın yeni müqaviləyə əsasən daha çox qazanacağı da vurğulanır.
Xatırladaq ki, “Tottenhem” Berqvalı cari mövsümün əvvəlində, 2024-cü ilin iyul ayında İsveçin “Yurqorden” klubundan transfer etmiş və onunla 5 illik müqavilə bağlamışdı. Bu transfer “Yurqorden”ə 10 milyon avro qazandırmışdı.
Lukas Berqvall İsveçin “Brommapoykarna” klubunun yetirməsidir. O, 2023-cü ilin fevral ayında 900 min avro qarşılığında “Yurqorden”ə keçmişdi. Mərkəz yarımmüdafiəçisi “Yurqorden”in heyətində 29 oyunda 3 qol vurub, 1 məhsuldar ötürmə verib.
Lukasın “Tottenhem”in heyətindəki çıxışı da pis alınmayıb. O, cari mövsümdə London klubunun heyətində 45 oyuna çıxıb, 1 qol vurub, 4 məhsuldar ötürmə verib.
Daha öncə İsveçin U-17, U-19 və U-21 yığmalarında da oynamış Berqvall, 2024-cü ilin yanvarında ölkəsinin əsas millisində də debüt matçına çıxıb. O, indiyə qədər İsveç yığmasında 4 oyun keçirsə də, hələlik fərqlənə bilməyib.
“Transfermarkt” internet-portalı 19 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 25 milyon avro məbləğində qiymətləndirir.


