“Liverpul”un və Misir yığmasının ulduz hücumçusu Məhəmməd Salah videomüraciətində Fələstin-İsrail münaqişəsindən danışıb.
Arena.az Məhəmməd Salahın özünün “X” sosial şəbəkə hesabı üzərindən müvafiq xüsusda səsləndirdiyi fikirlərini diqqətinizə çatdırır:
“Belə vaxtlarda danışmaq həmişə çətindir. Həddindən artıq zorakılıq və ürək ağrıdan qəddarlıq baş verir. Son həftələrdə münaqişənin genişlənməsini izləmək qorxunc olub. Bütün həyatlar müqəddəsdir və qorunmalıdır. Bu hadisələrə son qoyulmalıdır. Ailələr dağılır.
İndi aydın olanı odur ki, humanitar yardım dərhal Qəzzaya çatdırılmalıdır. Orada insanlar dəhşətli vəziyyətdədirlər. Xəstəxanada dünən baş verənlər dəhşətli idi. Qəzza əhalisinin təcili olaraq qida, su və dərmana ehtiyacı var. Mən dünya liderlərini günahsız insanların daha da qırılmasının qarşısını almağa çağırıram. İnsanlıq qalib gəlməlidir”, deyə Salah car çəkib.
Xatırladaq ki, Məhəmməd Salah müsəlmandır.
Salah 2017-ci ilin iyulundan “Liverpul”da çıxış edir. “Liverpul” Salahın “Roma”dan transferi üçün 42 milyon avro xərc çəkib. Misirli ulduzun “qırımızlar”la müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Salah “Liverpul”un heyətində 10 oyuna çıxıb, 6 qol vurub, 4 məhsuldar ötürmə verib. Misirli hücumçu “Liverpul”la bütün mümkün ali klub turnirlərinin qalibi olub.
Salah 2011-ci ilin sentyabr ayında debüt etdiyi Misir yığmasının heyətində 90 oyun keçirib, 51 qol vurub, 29 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 31 yaşlı Məhəmməd Salahı 65 milyon avro məbləğində qiymətləndirir.


