Məhəmməd Salah “Liverpul”un mütləq rekordçusu oldu

İngiltərə Premyer Liqasının 26-cı turunun “Mançester Siti” ilə səfər oyunu “Liverpul”un hücumçusu Məhəmməd Salah üçün düşərli olub.

Arena.az məlumat verir ki, misirli futbolçu “qırmızılar”ın 2:0 hesablı qələbəsinə qol və məhsuldar ötürmə ilə töhfəsini verib.

Verdiyi məhsuldar ötürmə, Salahın İngiltərə Premyer Liqasının cari mövsümündəki 16-cı məhsuldar ötürməsi olub. Bu, “Liverpul” oyunçuları arasında mütləq rekordur. Buna qədər Salah, 1995/1996-cı illər mövsümündə 15 məhsuldar ötürmə ilə fərqlənmiş, “qırmızılar”ın ingilis keçmiş yarımmüdafiəçisi Stiv Makmanamanın (Makmanaman) rekorduna şərik idi.

Xatırladaq ki, Salah İngiltərə Premyer Liqasının cari mövsümünün 25 qolla ən sərrast qolçusudur. Misirli ulduzun hesabında həmçinin 16 məhsular ötürmə var və Salah bu göstəricidə də Premyer Liqanın cari mövsümünün ən öncül futbolçusudur. Salah həmçinin qol və məhsular ötürmələrin cəmi (25+16) üzrə 51 xalla Premyer Liqanın cari mövsümünün ən səmərəli futbolçusudur.

Məhəmməd Salah 2017-ci ilin iyul ayından “Liverpul”da çıxış edir. İngiltərə nəhəngi həmin dövrdə Salahın “Roma”dan transferi müqabilində 42 milyon avro məbləğində xərc çəkib.

Salahın “Liverpul”la müqaviləsinin müddəti 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. Misirli futbolçunun cari mövsümün sonunda İngiltərə klubundan ayrılması haqda şayiələr dolaşır.

Salah cari mövsümdə “qırmızılar”ın heyətində bütün yarışlarda 38 oyuna çıxıb, 30 qol vurub, 21 məhsuldar ötürmə verib.

Misirli hücumçunun “Liverpul”un heyətində çıxışının ümumi mənzərəsi 387 oyun, 241 qol, 109 məhsuldar ötürmədən ibarətdir.

Salah “Liverpul”la bütün mümkün ali klub yarışlarının qalibi olub.

Misirli ulduz həmçinin “Fiorentina”, “Çelsi”, “Bazel” və “Əl-Mukavilun” klublarında çıxış edib.

Salah hazırda kapitanı olduğu, 2011-ci ilin sentyabr ayında debüt etdiyi Misir yığmasının heyətində 101 oyun keçirib, 58 qol vurub və 33 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 32 yaşlı misirli hücumçunun transfer dəyərini 55 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: