Madueke: “Palmer ən gərgin anda belə, təzyiq hiss etmir”

İngiltərə yığmasının və “Çelsi”nin hücumçusu Noni Madueke komanda yoldaşı, yarımmüdafiəçi Koul Palmer haqqında danışıb.

Arena.az xəbər verir ki, Noniyə görə, Koul dünyanın ən yaxşı futbolçusu ola bilər:

“Koul müstəsna oyunçudur. Ən gərgin anda belə, təzyiq hiss etmir. Bu, heyrətamizdir. Palmer əla futbolçudur, fenomenal oyunçudur. Dünyanın ən yaxşısıdırmı? Qərar vermək məndən asılı deyil, amma düşünürəm ki, bu mənada onun üçün mümkünsüz heç nə yoxdur. Onun hüdudu olduğuna əmin deyiləm. Ümidvaram ki, o, eyni ruhda da davam edəcək”, deyə Noni Madueke bildirib.

Qeyd edək ki, Koul Palmer “Mançester Siti”nin yetirməsidir. İngilis yarımmüdafiəçi “Çelsi”yə 2023-cü ilin sentyabr ayında 47 milyon avro məbləğ müqabilində məhz Mançester klubundan keçib.

Yarımmüdafiəçinin London təmsilçisi ilə müqaviləsi 2033-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Palmer “zadəganlar”ın heyətində bütün yarışlarda 9 oyuna çıxıb, 6 qol və 5 məhsuldar ötürmə ilə fərqlənib. Palmer “Çelsi”nin heyətində ümumilikdə 54 oyun keçirib, 31 qol vurub, 20 məhsular ötürmə verib.

Koul Palmer 2023-cü ilin noyabr ayında debüt etdiyi İngiltərə yığmasının heyətində 9 oyun keçirib, 2 qol vurub, 1 məhsudlar ötürmə verib.

“Transfermarkt” internet-portalı 22 yaşlı ingilis hücumameylli yarımmüdafiəçinin transfer dəyərini 90 milyon avro məbləğində qiymətləndirir.