“Mançester Yunayted” Harri Keyn sevdasından əl çəkdi

“Mançester Yunayted” “Tottenhem”in və İngiltərə yığmasının hücumçusu Harri Keyni almaq fikrindən vaz keçib.

Arena.az bu barədə “The Guardian”a istinadən xəbər verir.

Mənbənin məlumatına görə, “qırmızı şeytanlar” “Tottenhem”in sahibi Daniel Levinin Keyni mankunianlılara satmaqdan imtina etməsi səbəbilə futbolçunu transfer etmək üçün rəsmi təklif ünvanlamamaq qərarına gəliblər. Klublar arasında ilkin danışıqların da aparılmayacağı vurğulanır.

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq bu vəziyyətdən məyus olub. Bununla belə, “qırmızı şeytanlar”ın çalışdırıcısı hesab edir ki, klub rəhbərliyi yaxın gələcəkdə komandanın hücumçusu mövqeyinə layiqli alternativ tapa biləcək.

2022/2023 mövsümündə Keyn “Tottenhem”in heyətində 49 oyuna çıxıb, 32 qol vurub, 5 məhsuldar ötürmə ilə fərqlənib.

Keynin “Tottenhem” ilə müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.

“Transfermarkt” internet-portalı Harri Keyni 90 milyon avro məbləğində qiymətləndirir.

Xatırladaq ki, daha əvvəl, “Çelsi” yarımmüdafiəçisi Meyson Mauntla bağlı “qırmızı şeytanlar”ın təklifini rədd etmişdi.

Xəbəri sosial şəbəkələrdə paylaş: