Altı il idi heç bir titul qazanan bilməyən “Mançester Yunayted” futbol üzrə İngiltərə Liqa Kubokunun qalibi olub. Arena.az xəbər verir ki, “qırmızı şeytanlar” bu turnirin 2022/23 mövsümünün həlledici oyununda “Nyukasl”la üz-üzə gəliblər.
“Uembli” stadionunda baş tutan final matçında “qırmızı şeytanlar” 2:0 hesablı qələbəyə seviniblər. Mançesterlilərin heyətində Kazemiro (33-cü dəqiqədə) və Markus Raşford (39-cu dəqiqə) fərqləniblər.
Bununla da Mançester təmsilçisi 2017-ci ildən sonra ilk dəfə titul qazanıb. Xatırladaq ki, MY sonuncu dəfə 2017-ci ildə UEFA Avropa Liqasının qalibi olmuşdu. Həmin vaxt İngiltərə klubu Avroliqanın finalında Niderland nəhəngi “Ayaks”ı 2:0 hesabıyla məğlub etmişdi.
Qeyd edək ki, “Mançester Yunayted” altıncı dəfə İngiltərə Liqa Kubokunun qalibi olub. Sözügedən komanda daha öncə 1992, 2006, 2009, 2010 və 2017-ci illərdə də bu turnirin qalibi olmuşdu. Bu göstəricidə lider “Liverpul”dur. “Qırmızılar”ın sözügedən turnirdə 9 qələbəsi var. İkinci yerdə isə “Mançester Siti” qərarlaşıb – 8 qələbə. 1960-cı ildən keçirilən İngiltərə Liqa Kubokunda “Çelsi” və “Aston Villa” da 5 dəfə hamıdan güclü olub.
Sonda onu da qeyd edək ki, “Nyukasl”la final oyunu MY-nin qapıçısı David de Xea və baş məşqçisi Erik ten Haq üçün əlamətdar olub. İspaniyalı qapıç “quru oyunlar”ın sayına görə “qırmızı şeytanlar”ın rekordçusuna çevirilib. Belə ki, 32 yaşlı futbolçunun bu komandanın heyətində qol buraxmadan keçirdiyi oyunlarının sayı 181-ə çatıb. De Xea bu göstəriciyə görə, əfsanəvi danimarkalı Peter Şmeyxeli (180 “quru oyun”) geridə qoyub.
Xatırladaq ki, De Xea 2011-ci ildən MY-də forma geyinir. O, burada 523 oyun keçirib və 565 qol buraxıb.
Erik ten Haq isə “qırmızı şeytanlar”ın baş məşqçisi kimi ilk final matçından qalib ayrılmağı bacardı. O, həm də İngiltərə Liqa Kubokunun qalibi olan ilk niderlandlı mütəxəssis kimi tarixə düşüb.


