İsrail yığmasının hücumameyilli yarımmüdafiəçisi Manor Solomon “Tottenhem”dən digər London klubuna – “Vest Hem”ə keçib.
Arena.az xəbər verir ki, “çəkicdöyənlər” 27 yaşlı futbolçunun transferini rəsmən açıqlayıb.
İsrailli futbolçu ilə 3 illik müqavilə imzalanıb. Anlaşmada müqavilənin müddətini daha bir mövsüm uzatmaq imkanı da nəzərdə tutulub.
Daha əvvəl yayılan məlumatlara görə, transferin məbləği 5 milyon funt-sterlinq təşkil edib. Müəyyən şərtlərin yerinə yetirilməsindən asılı olaraq, daha 2 milyon funt-sterlinq bonus ödənişi də nəzərdə tutulub.
Solomon ötən mövsüm icarə əsasında İspaniyanın “Vilyarreal” və İtaliyanın “Fiorentina” klublarında çıxış edib. 2024/25 mövsümündə isə o, “Lids Yunayted”də icarədə olub. İsrailli vinger “Tottenhem”in heyətində cəmi 5 oyun keçirib.
Karyerası ərzində “Makkabi” (Petah Tikva), “Şaxtyor” (Donetsk) və “Fulhem” kimi klubların da şərəfini qorumuş israilli futbolçu 2018-ci ildən ölkəsinin millisində çıxış edir. O, yığmada 49 oyuna 8 qol vurub.


