Mark Roka “Lids”i “Betis”ə dəyişdi

İngiltərə Premyer Liqasını tərk edərək Çempionşipə yuvarlanan “Lids”də ispan yarımmüdafiəçi Mark Roka “Betis”ə keçib.

Arena.az xəbər verir ki, bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar.

26 yaşlı futbolçunun qarşıdakı mövsümün sonuna (2024-cü ilin 30 iyununa) qədər icarədə oynayacağı diqqətə çatdırılıb.

Mark Roka “Lids”ə 2022-ci ilin iyul ayında Almaniyanın “Bayern” klubundan 12 milyon avro qarşılığında keçmişdi. Yarımmüdafiəçi bu komandada 36 oyuna çıxıb, 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. “Espanyol”un yetirməsi olan, İspaniyanın gənclərdən ibarət yığmalarında da oynamış futbolçu “Bayern”də də 24 oyun keçirib.

“Betis” sağ cinah müdafiəçisi Rober Qonsaleslə də yeni müqavilə bağlayıb. Tərəflər 2 illik yeni sözləşməyə imza atıblar. Amma 22 yaşlı ispan futbolçu yeni müqavilə imzaladıqdan sonra Niderlandın “Neymegen” klubuna icarəyə verilib. Yeni klubu onu satınalma şərti ilə qarşıdakı mövsümün sonuna kimi icarəyə götürüb.

Rober Qonsales 2022-ci ilin sentyabrından formasını geyindiyi “Betis”də 11 oyun keçirib. O, “Las Palmas” və “Alaves” klublarında da çıxış edib.

“Betis” qapıçısı Dani Martinlə də yollarını ayırıb. 21 yaşlı ispan futbolçu “Andorra” klubuna keçib. O, yeni klubu ilə 2 illik müqaviləyə imza atıb.

Dani Martin “Betis”ə 2019-cu ilin iyul ayında Xixon “Sportinq”indən 5 milyon avro qarşılığında keçmişdi. Amma o, bu komandada cəmi 8 oyuna çıxıb, 14 qol buraxıb, cəmi 2 “quru” matçı olub. Gənc qolkiper Xixon “Sportinq”indən başqa “Malaqa”da, həmçinin İspaniyanın aşağı yaş qrupları üzrə yığmalarında da forma geyinib.

Xəbəri sosial şəbəkələrdə paylaş: