Markos Akunya La Liqada antirekorda imza atdı

“Sevilya” klubunun argentinalı müdafiəçisi Markos Akunya futbol üzrə İspaniya La Liqasında antirekorda imza atıb.

Arena.az xəbər verir ki, o, buna La Liqanın 37-ci turu çərçivəsində qarşılaşdıqları Madrid “Real”ı ilə oyunda qırmızı vərəqə almaqla nail olub.

Akunya 1:2 hesabıyla uduzduqları matçın 83-cü dəqiqəsində rəqib futbolçuya qarşı sərt oyuna görə birbaşa qırmızı vərəqə ilə meydandan qovulub.

Bu, Markosun cari mövsümdəki dördüncü qırmızı vərəqəsidir. O, daha öncə La Liqa çərçivəsində “Selta” (2:2) və “Valyadolid”lə ev oyunlarında da qırmızı vərəqə almışdı. Argentinalının digər qırmızı vərəqəsi isə bir neçə gün öncə baş tutan Avropa Liqasının İtaliya “Yuventus”u ilə yarımfinal görüşünə təsadüf edib. O, 2:1 hesabıyla qalib gəldikləri həmin maçtda da komandasını azlıqda qoymuşdu.

Beləliklə, 2013/2014 mövsümündən sonra Akunya bir mövsüm ərzində La Liqa klubunun bütün turnirlər çərçivəsində azı 4 qırmızı vərəqə alan ilk futbolçusu kimi tarixə keçib.

Markos Akunya “Sevilya”ya 2020-ci ilin sentyabr ayında Lissabon “Sportinq”indən transfer olunub. O, bu komandada 122 oyuna çıxıb, 5 qol vurub, 12 məhsuldar ötürmə müəllifi olub. Sol cinah müdafiəçisi daha öncə “Sportinq” (135 oyun, 9 qol, 25 asist), “Rasinq” (108 oyun, 20 qol, 26 asist) və “Ferro” (20) kimi klublarda da oynayıb. 31 yaşlı futbolçu Argentina millisində də 51 oyun keçirib.