Futbol üzrə Slovakiya milli komandasının qapıçısı Martin Dubravka İngiltərənin “Mançester Yunayted” klubundan ayrılıb. Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Xatırladaq ki, Martin Dubravka 2022-ci ilin sentyabrında “Nyukasl”dan 2,3 milyon avro qarşılığında icarəyə götürülmüşdü. Lakin “Nyukasl” onu geri qaytarmağa qərar verib. Bu üzdən də tərəflər arasındakı icarə müqaviləsinə xitam verilib.
Dubravka “Mançester Yunayted”ə ehtiyat qapıçı kimi cəlb olunmuşdu. Bu üzdən də o, “qırmızı şeytanlar”ın heyətinə cəmi 2 oyuna çıxıb.
Slovakiyalı qolkiper 2018-ci ildən “Nyukasl”da forma geyinir. Təcrübəli qolkiper Premyer Liqa təmsilçisində 130 matça çıxıb. Daha öncə “Jilina”, “Esbyerq”, “Slovan” (Liberets) və “Sparta” (Praqa) klublarının da formasını geyinmiş 33 yaşlı futbolçu, Slovakiya millisində də 30 oyuna çıxıb.


