2023/2024 mövsümünün əvvəlində “Vilyarreal”a icarəyə verilmiş Matteo Qabbiya vaxtından öncə İtaliya klubuna qayıdıb.
Arena.az xəbər verir ki, bu barədə Milan klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, “Milan” İspaniya klubunda icarə əsasında çıxış edən müdafiəçisini erkən geri qaytarıb. “Rossoneri” qış transfer pəncərəsində izafi vəsait xərcləməkdənsə, mövsümün ikinci yarısını öz ehtiyatları hesabına başa vurmağı planlaşdırır. Stefano Piolinin məşqçilər qərargahı hesab edir ki, Qabbiyanın xidmətləri komandaya mövsümün ikinci yarısında daha faydalı ola bilər.
Xatırladaq ki, Qabbiya 2023-cü ilin yayından formasını geyindiyi “Vilyarreal”da cəmi 13 oyuna çıxıb. 24 yaşlı futbolçu bu oyunlarda məhsuldar fəaliyyəti ilə yadda qalmayıb.
Matteo Qabbiya “Milan”ın öz yetirməsidir. O, 2017-ci ildən klubun əsas komandasında forma geyinir. Mərkəz müdafiəçisi klubun əsas komandasında 51 matç keçirib, 1 qola imza atıb. İtaliyanın U-21 yığmasının sabiq üzvü, 2018/19 mövsümündə “Lukkeze”də də icarədə oynayıb.
Qabbiyanın “Milan”la müddəti 2026-cı ilin yayına qədər olan müqaviləsi var.


