İtaliya Kubokunun 1/4 final mərhələsində “Roma”ya qarşı oyunda qələbə (1:0) “Latsio”nun baş məşqçisi Maurisio Sarri üçün əlamətdar olub.
Arena.az məlumat verir ki, italyan mütəxəssis isveçli mütəxəssis Sven-Yoran Erikssondan sonra ilk 6 oyundan 4-də əzəli rəqibi “Roma”nı məğlub edə bilmiş ilk çalışdırıcı olub.
Bu oyuna qədər Sarrinin “Latsio”su “Roma” ilə ancaq A Seriyası çərçivəsində qarşılaşıb və 3 dəfə qalib gəlib (3:2, 1:0, 1:0), 1 oyunda isə sülhlə ayrıldığı “canavarlar” tərəfindən 1 dəfə də 0:3 hesabı ilə “parçalanıb”.
Maurisio Sarri “Latsio”nu 2021-ci ilin iyunundan çalışdırır. 65 yaşlı mütəxəssis bu komandanı bütövlükdə 125 oyuna çıxarıb. “Qartallar” bu görüşlərdə 61 qələbə qazanıblar, 29 heç-heçə edib, 35 dəfə məğlub olublar.
Xatırladaq ki, Sarri daha öncə “Yuventus”, “Çelsi”, “Napoli”, “Empoli”, “Sorrento”, “Alessandriya”, “Qrosseto”, “Peruca”, “Verona”, “Avellino”, “Aresso”, “Peskara” kimi klublarda da çalışıb.
“Latsio” növbəti oyununu yanvarın 14-də A Seriyasının 20-ci turu çərçivəsində evdə “Leççe”yə qarşı keçirəcək. Bu oyuna Bakı vaxtı ilə saat 15:30-da start veriləcək.
A Seriyasının ilk dövrəsindən, 19 turdan sonra “Latsio” 30 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb. Sarrinin yetirmələri 29 xalla 8-ci pillədə qərarlaşmış “Roma”nı 1 xal üstələyirlər.


