“Milan”ın fransalı qapıçısı Mayk Menyan A Seriyasının 14-cü turunda “Frozinone” ilə oyunda (3:1) məhsuldar ötürmə ilə fərqlənib.
Arena.az məlumat verir ki, Menyanın ötürməsi amerikan sağ vinger Kristian Pulişiçin “rossoneri”nin üstünlüyünü artırmasına kömək edib – 2:0.
Maraqlıdır ki, bu ötürmə sayəsində Menyan qapıçı üçün nadir sayıla biləcək nailiyyəti ilə fərqlənmiş olub. O, Avropanın “böyük beşlik” futbol çempionatlarında son üç mövsümün hər birində məhsuldar ötürmə müəllifi olmuş yeganə qapıçı kimi tarixə düşüb.
Mayk Menyan PSJ-nin yetirməsidir. 2010/2011 mövsümündə Fransa nəhənginin heyətində böyük futbola qədər qoymuş Menyan, 2015-ci ilin avqustunda “Lill”ə transfer edilib. Fransalı qapıçı “Milan”a 2021-ci ilin iyulunda 15,40 milyon avro müqabilində elə, “Lill”dən keçib. Qapıçının “rossoneri” ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Menyan “Milan”ın heyətində 16 oyuna çıxıb, 20 qol buraxıb, 6 oyunda qapısının toxunulmazlığını təmin edib. Həmçinin qeyd etdiyimiz kimi, Mayk 1 məhsuldar ötürmənin müəllifi olub.
Ümumilikdə Menyanın “rossoneri”nin heəytində statistikası belə mənzərə yaradır: 84 oyun, 79 buraxılmış qol, 35 “quru” oyun.
Menyan “Lill” və “Milan”la milli çempionatların qalibi olub (müvafiq olaraq 2020/2021 və 2021/2022).
Menyan 2020-ci ilin oktyabrında debüt etdiyi Fransa yığmasının heyətində 13 oyuna çıxıb, 7 qol buraxıb və eyni sayda oyundan quru qurtulub. O, Fransanın əsas yığmasına qədər U-16, U-17, U-18, U-19, U-20, U-21 yığmalarının heyətindən keçməklə, 10 illik yol gəlib. Mayk “xoruzlar”la 2021 UEFA Millətlər Liqasının qalibi olub.
“Transfermarkt” internet-portalı 28 yaşlı Mayk Menyanı 45 milyon avro məbləğində qiymətləndirir.


