Mett Doherti “Atletiko”nu sabiq klubuna dəyişdi

Futbol üzrə İrlandiya milli komandasının sağ cinah müdafiəçisi Mett Doherti İspaniyanın “Atletiko” (Madrid) klubundan ayrılıb.

Arena.az xəbər verir ki, 31 yaşlı futbolçu yenidən İngiltərə Premyer Liqasına qayıdıb.

O, keçmiş komandasına – “Vulverhempton”a keçib. Madrid təmsilçisindən azad agent kimi ayrılmış müdafiəçi köhnə-yeni klubu ilə 3 illik müqaviləyə imza atıb.

Xatırladaq ki, Mett Doherti peşəkar karyerasına İngiltərənin “Vulverhempton” klubunda başlayıb. O, bu klubda olarkən “Hibernian” və “Beri”də icarədə də oynayıb. Doherti vaxtilə bu komandada 302 oyuna çıxıb, 28 qol vurub, 41 məhsuldar ötürmə müəllifi olub.

Müdafiəçi 2020-ci ildə 16.8 milyon avro qarşılığında “Tottenhem”ə keçib. O, London klubunda 71 oyuna çıxıb, 3 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb. Təcrübəli futbolçu “Atletiko”ya bu ilin yanvar ayında qoşulmuşdu. Amma o, Madrid təmsilçisində cəmi 2 matça çıxıb.

Doherti İrlandiya millisində 36 oyuna 1 qol vurub.

“Vulverhempton” müdafiəçisi Dion Sanderson və yarımmüdafiəçisi Hayao Kavabe ilə də yollarını ayırıb. Sanderson “Birmingem Siti”yə, Kavabe isə “Standard”a (Lyej) keçib. Onların hər ikisi yeni klubları ilə 4 illik müqaviləyə imza atıb.

Dion Sanderson “Vulverhempton”un əsas komandasında cəmi 1 oyun keçirib. 23 yaşlı futbolçu daha öncə də “Birmingem Siti”də oynamışdı. O, “Sanderlend”, KPR, “Kardiff Siti” kimi klubların da formasını geyinib.

Hayao Kavabe də “Vulverhempton”da əsas komanda üzvünə çevrilə bilməyib. 27 yaşlı yapon son mövsümü İsveçrənin “Qrasshopper” komandasında icarədə keçirib.

Xəbəri sosial şəbəkələrdə paylaş: