Futbol üzrə İrlandiya milli komandasının müdafiəçisi Mett Doherti İngiltərənin “Tottenhem” klubundan ayrılıb. Arena.az xəbər verir ki, 31 yaşlı futbolçu Premyer Liqa təmsilçisini İspaniyanın “Atletiko” (Madrid) klubuna dəyişib.
Bu barədə onun yeni klubu rəsmi saytı vasitəsilə məlumat yayıb. La Liqa təmsilçisinə azad agent kimi keçən futbolçu yeni klubu ilə bu mövsümün sonuna kimi anlaşıb.
Mett Doherti peşəkar karyerasına İngiltərənin “Vulverhempton” klubunda başlayıb. O, bu klubda olarkən “Hibernian” və “Beri”də icarədə də oynayıb. Müdafiəçi 2020-ci ildə 16.8 milyon avro qarşılığında keçdiyi London klubunda 71 oyuna çıxıb, 3 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb. O, İrlandiya millisində 33 oyuna 1 qol vurub.
“Atletiko” iki futbolçusu ilə də yollarını ayırıb. Madrid təmsilçisi mərkəz müdafiəçisi Felipeni İngiltərənin “Nottingem Forest” klubuna satıbsa, yarımmüdafiəçis Xavi Serranonu da “İbitsa” komandasına icarəyə verib. Serrano bu mövsümün sonunadək icarədə oynayacaq. İspaniyadan olan 20 yaşlı futbolçu daha öncə “Mirandes”də də icarədə olub. “Atletiko”nun öz yetirməsi olan futbolçu Madrid təmsilçisinin əsas komandasında 7 oyuna çıxıb.
Felipe isə “Nottingem Forest”ə 2.3 milyon avroya satılıb. 33 yaşlı futbolçu yeni klubu ilə 2024-cü ilin 30 iyununa kimi müqavilə bağlayıb. Braziliyadan olan futbolçu 2019-cu ilin iyul ayında 20 milyon avro qarşılığında “Atletiko”ya keçmişdi. O, Madrid təmsilçisində 113 oyuna çıxıb, 4 qol vurub və 1 məhsuldar ötürmə müəllifi olub. Braziliya millisində 2 oyun keçirmiş mərkəz müdafiəçisi “Braqantino”, “Korintians” və “Portu”da da forma geyinib.


