“Neftçi”nin məşqçisi Mübariz Orucov Azərbaycan Premyer Liqasının 12-ci turu çərçivəsində “İmişli”yə qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Bakıda baş tutmuş oyunu paytaxt təmsilçisinin 2:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb.
Mübariz Orucov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Turnir cəvdəlində yerimiz yaxşı deyil, amma oyun baxımından xeyli fərq var. Düzdür, nəticəyə təsir etmir, əsasən də ilk dövrədə çox xallar itirmişik. Bu gün də çox üzücü məğlubiyyət aldıq. Heyətdə yeni oyunçular var, məsələn, Metyu və Abubakar sonradan qoşulublar. Yəni tam formalaşmamışıq. Hələ uyğunlaşma prosesi gedir.
“Neftçi” olaraq həm çempionata, həm kuboka köklənmişik. Düzdür, çempionatda işlərimiz yaxşı getmir. Kubok yolu qısa yoldur, əlbəttə, ona da köklənəcəyik. Amma o demək deyil ki, çempionatı boş vermişik. Qarşıda oyunlar var. “Neftçi”nin hədəfi həmişə yüksək yerlər, çempionluq olub. İnanıram ki, avrokuboklara vəsiqə qazanacağıq”.


