Sentyabrın 24-də İtaliya A Seriyasının 5-ci turunda “Boloniya”ın qəbul etmiş cari çempion “Napoli” rəqibin müqavimətini qıra bilməyib – 0:0.
Arena.az məlumat verir ki, hazırda Neapol təmsilçisi 5 turdan sonra 8 xalla turnir cədvəlində 7-ci yerdə qərarlaşıb.
“Eşşəkciklər” A Seriyasının cari mövsümündə 2 qələbə, 2 heç-heçə, 1 məğlubiyyət yaşayıblar, top fərqi isə 8:5 nisbətindədir. Hər hansı digər komanda üçün mövsümə müvafiq surətdə başlanğıc bəlkə də qənaətbəxşdir, ancaq tələbkar neapollular çempion qismində müvafiq başlanğıcı heç də alqışlamırlar.
Maraqlıdır ki, bu nəticə 2015/2016 mövsümündən bəri komandanın A Seriysında ən pis nəticəsidir. O zaman Neapol təmsilçisi mövsümün ilk 5 turunda cəmi 6 xal toplamışdı.
Yayda “Napoli”nin qalib məşqçisi, neapollulara son 33 ildə ilk dəfə “skudetto”nu qazandırmış təcrübəli italyan mütəxəssis Luçano Spalletti klubla yollarını ayırıb. Spalletti gedişini “yaradıcı fasilə”yə ehtiyacı olduğu üçün izah etsə də, mətbuatda onun klub rəhbərliyi ilə anlaşa bilmədiyi haqda dəlillər dolaşırdı. Hazırda Spalletti İtaliya yığmasını çalışdırır. Neapol komandası isə fransız mütəxəssis Rudi Qarsiyaya tapşırılıb və belə görünür ki, “Napoli” adlı gəmi batmaq təhlükəsi ilə üz-üzədir.
Belə ki, qeyri-qənaətbəxş nəticələr mənzərəsində “Bolonya” ilə oyunda neapolluların nigeriyalı ulduzu, mərkəz hücumçusu Viktor Osimhen baş məşqçi Rudi Qarsiya ilə xoşagəlməz surətdə ağızlaşıb.
DAZN dərgisinin məlumatına görə, oyunun son dəqiqələrində əvəzlənmiş Osimhen meydanı tərk edərkən əsəbi görünüb. Əvəzetmədən sonra hücumçu Rudi Qarsiya ilə taktiki mövzuda çılğıncasına mübahisə edib və fransız mütəxəssisdən niyə iki hücumçu ilə oynamağa keçmədiyinin haqq-hesabını çəkməyə girişib. Tərəflər arasında xoşagəlməz vəziyyətin nə ilə başa çatdığı haqda məlumat verilmir.
Vurğulayaq ki, Osimhen komandasının “vuran ayağı”dır. Nigeriyalı mərkəz hücumçusu geridə qalmış 2022/2023 mövsümündə A Seriyasının ən sərrast futbolçusu olub. Cari mövsümdə isə Osimhen 6 oyunda 3 qol, 1 məhsuldar ötürmə ilə fərqlənib.
“Transfermarkt” internet-portalı 24 yaşlı Viktor Osimheni 120 milyon avro məbləğində qiymətləndirir.


