“Neftçi” ilə “Zirə” üçün kiprli və moldovalı hakimlər

Azərbaycanı Avropa Konfrans Liqasında təmsil edən “Neftçi” ilə “Zirə”nin bu turnirin 2-ci təsnifat mərhələsindəki ilk oyunlarının hakimləri müəyyənləşib.

Arena.az bu barədə UEFA-nın rəsmi saytına istinadən xəbər verir.

“Ağ-qaralar”ın Belarusun “Dinamo” (Minsk) komandasına qarşı Bakıda keçirəcəyi ilk oyunu Kiprdən olan hakimlər briqadası idarə edəcək. Qarşılaşmanın baş hakimi FIFA referisi Konstantinos Fellas olacaq. Ona yan xətt hakimləri Marios Kaloqiru və Giorgios Çaralampus kömək edəcəklər. Dördüncü hakim funksiyasını Konstantinos Neofitu yerinə yetirəcək.

Xatırladaq ki, iyulun 22-də 8-ci km stadionunda baş tutacaq “Neftçi” – “Dinamo” matçına saat 20:00-da start veriləcək. Cavab görüşü iyulun 30-da Bolqarıstandakı Beroe stadionunda keçiriləcək. Həmin oyunun start saatı Bakı vaxtı ilə saat 21:00-da səslənəcək. Bu görüşün hakimləri hələ açıqlanmayıb.

“Zirə”nin Estoniyanın “Payde” komandasına qarşı keçirəcəyi ilk oyunu isə moldovalı hakimlər idarə edəcəklər. Qəsəbə təmsilçisi bu rəqibə qarşı ilk oyununu səfərdə keçirəcək. Oyunun baş hakimi Roman Jitari olacaq. Hansı ki, o, cari mövsümdə Azərbaycanın avrokuboklardakı digər təmsilçisi “Qarabağ”ın da oyununu idarə etmişdi. Jitari Avropa Liqasının 1-ci təsnifat mərhələsində Ağdam klubunun İslandiyanın “Vestri”yə qarşı keçirdiyi ilk oyunda baş hakim olmuş və 3:0 hesablı qələbəni qeydə almışdı. Bu dəfə isə o, “Zirə”nin Konfrans Liqasındakı matçına təyinat alıb. 35 yaşlı FIFA referisinə yan xətt hakimləri Viktor Mardari və Andrey Bodean kömək edəcəklər. Dördüncü hakim funksiyasını Andrey Brequta yerinə yetirəcək.

Xatırladaq ki, iyulun 23-də Estoniyadakı Parnu şəhərində keçiriləcək “Payde” – “Zirə” oyunu Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Cavab görüşü isə ayın 30-da “Sumqayıt Arena”da baş tutacaq. Saat 20:00-da başlayacaq həmin oyunun hakimləri hələ bəlli deyil.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: