“Neftçi”dən Konfrans Liqasına rüsvayçı start!

Azərbaycanı Avropa Konfrans Liqasında təmsil edən “Neftçi” bu gün sözügedən turnirin 2026/2027-ci illər mövsümündə ilk oyununa çıxıb.

Arena.az xəbər verir ki, “ağ-qaralar” bu mərhələdə Belarusun “Dinamo” (Minsk) komandasına qarşı mübarizə aparır.

Bu komandalar arasında Bakıda keçirilmiş ilk oyunu Kiprdən olan hakimlər briqadası idarə edib. Qarşılaşmanın baş hakimi FIFA referisi Konstantinos Fellas olub.

8-ci km stadionunda baş tutmuş matç Azərbaycan təmsilçisi üçün uğurlu başlayıb. Elə 2-ci dəqiqədə kapitan Emin Mahmudov yeni transferlərdən olan Qustavo Klismanın ötürməsini qola çevirib. 8-ci dəqiqədə isə növbəti hücumda rəqib futbolçu topu öz qapısına göndərib. Bundan sonra da bir neçə təhlükəli hücumu olan “ağ-qaralar” bu şansları əldən veriblər. Bu isə yekunda komandaya baha başa gəlib. Elə ilk hissədə hesab arasındakı fərqi azaldan “Dinamo” fasilədən sonra “Neftçi”yə əsl şok yaşadıb. Ardıcıl 4 qola sevinmiş Minsk təmsilçisi Bakıdan sərfəli nəticə ilə qayıdıb və böyük ehtimalla, mərhələni keçən tərəf olacaq. Təəssüf doğuran məqamlardan biri də rəqib komandanın qollarından ikisini erməni futbolçu Karen Vardanyanın vurmasıdır. Halbuki, özünü ölkə futbolunun “flaqman”ı hesab edən komanda bundan xəbərdar olduğu üçün nəinki “Dinamo”dan qol buraxmaması, xüsusilə erməni oyunçunun Bakıda fərqlənməməsi üçün əlindən gələni etməliydi. Amma göründüyü kimi, “ağ-qaralar” yenə ölkə futbolunun əsl üz qarası olduğunu bir daha göstərdi.

Bu mövsüm avrokuboklarda iştirak edən Azərbaycan komandaları keçirdikləri 7 oyunun hamısından qalib ayrılmış, UEFA reytinqinə möhtəşəm töhfə vermişdilər. Hər kəs “ağ-qaralar”dan da oxşar uğuru gözlədiyi bir vaxtda, təmsilçimiz belə biabırçı oyun və nəticə ilə hər kəsi üzdü. Belə oyundan sonra mərhələ adlamaq heç də mümkün görünmür. Amma yenə də bir həftə sonra nəyin necə olacağını görəcəyik. 90 illik yubileydə çempionluqdan, avrokubokların qrup mərhələsində oynamaqdan dəm vuran klub rəhbərliyinin, baş məşqçi Yuri Vernidubun “Dinamo” ilə ilk oyundakı biabırçı səhvlərdən nəticə çıxaracağına ümid edirik.

Qeyd edək ki, komandalar arasındakı cavab görüşü iyulun 30-da Bolqarıstandakı Beroe stadionunda keçiriləcək. Həmin oyunun start saatı Bakı vaxtı ilə saat 21:00-da səslənəcək.

Avropa Konfrans Liqası
2-ci təsnifat mərhələsinin ilk oyunu
22 iyul

Neftçi – Dinamo (Minsk) 2:4
Qollar: Emin Mahmudov, 2. Aleksandr Selyava, 8-öz qapısına – Karen Vardanyan, 36; 57. Yevgeni Malaşeviç, 47. Gülyigit Alikulov, 76.
Hakimlər: Konstantinos Fellas, Marios Kaloqiru,Giorgios Xaralampus, Konstantinos Neofitu (Kipr).
Bakı. 8-ci km stadionu.

Neftçi: 1. Emil Balayev: 5. İqor Ribeyro, 6. Sessi D Almeyda, 8. Emin Mahmudov (k), 11. İmad Faraj, 20. Qustavo Klisman, 24. Mustafa Sek, 29. Lyubomir Tupta, 22. Breno Almeyda, 55. Endryu Qravilyon, 77. Falaye Sako.
Ehtiyat oyunçular: 13. Kenan Piriç, 93. Rza Cəfərov, 3. Rüfət Abbasov, 4. Elvin Camalov, 7. Emil Səfərov, 14. Elvin Bədəlov, 17. Murad Xaçayev, 18. İfeanyi Metyu, 80. Aslan Şirinov, 82. Məhəmməd Məmmədli, 91. Ağadadaş Salyanski, 97. Bassala Sambu.
Baş məşqçi: Yuri Vernidub.

Dinamo: 1. İvan Şimakoviç, 7. Yevgeni Malaşeviç, 8. Aleksandr Selyava (k), 10. Karen Vardanyan, 12. Aleksey İvanov, 23. Aleksey Jeçko, 25. Abdul Aziz Ture, 26. Vladislav Kalinin, 30. Mustafa Djimet, 42. Favaz Abdullahi, 44. Qleb Qurban.
Ehtiyat oyunçular:21. Danila Radkeviç, 2. Matvey Dubatovka, 3. Maksim Şevtsov, 5. Daniel Duşevski, 9. Andrey Lutskoviç, 11. Gülyigit Alikulov, 13. Vladislav Poloz, 19. Rayan-Elie Quybero, 24. Aleksey Vakuliç, 27. Mixail Aleksandrov, 78. Artyom Sokolovski, 80. Leonard Quet.
Baş məşqçi: Aleksandr Şaqoyka.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: